Yəmənin şərqində gərginlik artır: Hadramautda hərbi əməliyyatlar və muxtariyyət tələbləri

Yəmənin Hadramevt vilayətində CKŞ-nin hərbi əməliyyatları və qəbilələrin muxtariyyət tələbləri regionda gərginliyi artırır. Ölənlər, həbslər və neft hasilatının dayandırılması ilə bağlı son vəziyyət.

76

Yəmənin şərqində yerləşən Hadramaut vilayətində hərbi hərəkətlilik və muxtariyyət tələbləri regionda gərginliyi daha da yüksəldib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi separatçı Cənub Keçid Şurası (CKŞ) hərbi əməliyyatları davam etdirəcəyini bəyan edərkən, Hadramaut Qəbilələr Alyansı muxtariyyət mövqeyində israrlı olduğunu açıqlayıb.

CKŞ-nin rəsmi internet saytında yayımlanan məlumata görə, təşkilatın Milli Məclisinin sədri Əli Abdullah əl-Kəsiri Hadramauta bağlı Seyun şəhərinin Amd rayonunda qəbilə liderləri ilə görüş keçirib. Görüş zamanı bölgədəki hərbi fəallığı yüksək qiymətləndirən əl-Kəsiri yaxın dövrdə daha genişmiqyaslı hərbi əməliyyatların həyata keçiriləcəyinə işarə edib.

Əl-Kəsiri bildirib ki, Amd rayonunun strateji coğrafi mövqeyi və ətraf bölgələrlə əlaqələri səbəbilə ərazi tam təhlükəsizlik nəzarəti altına alınacaq. CKŞ-nin Hadramautdakı nəzarətini qoruyacağını vurğulayan rəsmi şəxs, əldə edilən uğurların Hadramaut Vadisinə də yayılacağını iddia edib. Onun sözlərinə görə, hazırkı mərhələdə bölgədə ciddi dəyişikliklər baş verir.

CKŞ-nin hücumları: ölən və yaralananlar var

Yəmənin rəsmi SABA xəbər agentliyinin məlumatına əsasən, ölkənin Baş Qərargah rəisi Sağir bin Əziz CKŞ qüvvələrinin Hadramauta hücumu zamanı yaralanan və hazırda Marib şəhərində müalicə alan əsgərləri ziyarət edib. Bin Əziz bildirib ki, əsgərlər milli və konstitusion vəzifələrini yerinə yetirərkən “qəddar hücuma” məruz qalıblar.

Yəmən ordusunun 13 dekabr tarixli açıqlamasında CKŞ-nin hücumu nəticəsində 32 hərbçinin həlak olduğu, 45 nəfərin isə yaralandığı qeyd olunub.

Hadramaut Qəbilələr Alyansı muxtariyyətdə israrlıdır

Hadramaut Qəbilələr Alyansının sədri Şeyx Amr bin Həbriş, alyansın yaradılmasının 12-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərək, neftlə zəngin Hadramevtdə muxtariyyət tələbindən geri çəkilməyəcəklərini açıqlayıb.

Bin Həbrişin sözlərinə görə, Hadramaut xalqı öz şərəfini və qanuni hüquqlarını qorumaq üçün azad iradəsi ilə milli layihələr formalaşdırıb. O, alyansın fəaliyyəti nəticəsində mühüm uğurlar əldə edildiyini və bölgədə həm siyasi, həm də hərbi mübarizənin davam etdiyini vurğulayıb.

Muxtar idarəetmə məqsədlərinə çatmaqda qətiyyətli olduqlarını bildirən bin Həbriş, xüsusilə Səudiyyə Ərəbistanı başda olmaqla, onları dəstəkləyən ölkələrə təşəkkür edib və yerli hakimiyyətlə razılaşma əldə etməyə çalışan qəbilə liderlərinin səylərini yüksək qiymətləndirib.

Qanunsuz həbslər və zorla yoxa çıxmalar

Yəmən Hüquq və Azadlıqlar Şəbəkəsi adlı vətəndaş cəmiyyəti təşkilatının 18 dekabr tarixli açıqlamasında bildirilib ki, 2–18 dekabr tarixləri arasında Hadramaut Vadisi və səhra bölgəsində CKŞ-yə bağlı qüvvələr tərəfindən 312 qeyri-qanuni həbs və zorla yoxa çıxma faktı qeydə alınıb.

Açıqlamada saxlanılanlar arasında mülki şəxslərin və hərbçilərin olduğu, heç bir hüquqi əsas olmadan basqınlar və genişmiqyaslı həbslərin həyata keçirildiyi qeyd olunub. Bu addımların sistematik şəkildə əsas hüquq və azadlıqların pozulması olduğu vurğulanıb.

BMT və beynəlxalq ictimaiyyətə çağırış edilərək, bu pozuntuların dayandırılması üçün real və təsirli təzyiqlərin göstərilməsi və günahkarların cəzasız qalmamasının təmin edilməsi tələb olunub.

Yəmənin şərqində vəziyyət

Xatırladaq ki, BƏƏ-nin dəstəklədiyi CKŞ 4 dekabr tarixində Hadramautda strateji əhəmiyyətə malik şəhərləri və neft yataqlarını nəzarətə götürüb. CKŞ sədri Ayderus əz-Zübeydi 9 dekabrda Ədən şəhərində keçirilən toplantıda Cənub Silahlı Qüvvələrinin Mehre vilayətini də ələ keçirdiyini bəyan edib.

Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi isə CKŞ-ni Hadramaut və Mehre vilayətlərindən geri çəkilməyə çağırıb.

Yerli neft şirkəti PetroMasila Hadramaut Qəbilələr Alyansının Mukəlla şəhərinin şərqində yerləşən obyektləri ələ keçirməsi səbəbilə 1 dekabrdan etibarən hasilatın tam dayandırıldığını açıqlayıb. Gündəlik 10 min barel istehsal gücünə malik şirkət 75 meqavatlıq təbii qaz elektrik stansiyasını da idarə edir.

Qeyd edək ki, 2013-cü ildə yaradılan Hadramaut Qəbilələr Alyansı muxtariyyət tələb edir və nə CKŞ-yə, nə də Yəmən hökumətinə bağlı olmayan yerli silahlı qüvvələrdən ibarətdir.