Yemək zamanı çox su içmək daha çox qida qəbulu ilə əlaqələndirilib

Yeni araşdırmaya görə, yemək zamanı daha çox su içən iştirakçılar orta hesabla daha çox qida və kalori qəbul ediblər. Alimlər nəticənin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar.

66

Yemək zamanı su içməyin toxluq yaradaraq qida qəbulunu azaltdığına dair geniş yayılmış fikir yeni araşdırmada təsdiqini tapmayıb.

MSNews.az xəbər verir ki, “Appetite” jurnalında dərc olunan tədqiqatda 86 yetkin şəxsin iştirak etdiyi iki laboratoriya təcrübəsinin nəticələri təhlil edilib. İştirakçılar su ilə birlikdə istədikləri qədər ətli çili və ya “chicken tikka masala” yeyib, onların hər tikəsi və su qurtumu videoya qeydə alınıb.

Nəticələrə əsasən, qəbul edilən hər əlavə 100 qram — təxminən 100 millilitr — su orta hesabla 39 qram artıq qida və 49 kilokalori əlavə enerji qəbulu ilə əlaqələndirilib. Yemək tikələri ilə su qurtumları arasında daha tez-tez keçid edən iştirakçıların da daha çox yediyi müşahidə olunub.

“Kornell Chronicle” tədqiqatçılara istinadən yazır ki, su çeynəmə və udmanı asanlaşdıra, ağız quruluğunu azalda və yeməyin dadından alınan zövqü daha uzun saxlaya bilər. Su qurtumlarının dad hissini “yeniləyərək” qidaya qarşı yaranan bezginliyi gecikdirməsi də mümkün izahlardan biri kimi göstərilir.

Bununla belə, araşdırma yalnız su qəbulu ilə daha çox yemək arasındakı əlaqəni müəyyən edib və suyun birbaşa artıq qida qəbuluna səbəb olduğunu sübut etməyib. Tədqiqat laboratoriya şəraitində aparıldığından, alimlər yemək zamanı su içməyi məhdudlaşdırmaq barədə ümumi tövsiyə vermək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.