Yaponiya ilə Çin arasında Tayvan mövzusu fonunda gərginlik davam edərkən, Tokioda qalan son iki panda Çinə qaytarılmadan əvvəl minlərlə insan onları görmək üçün zooparka üz tutub.
“Kyodo” agentliyinin məlumatına görə, 2021-ci ildə Tokiodakı Ueno Zooparkında dünyaya gələn “Xiao Xiao” və bacısı “Lei Lei” adlı pandalar sabah Çinə göndəriləcək. Əkiz pandaların ictimaiyyətə açıq son ziyarət günündə zooparka böyük izdiham yaranıb.
Tokio Metropol Hökumətinin açıqlamasına əsasən, son gün üçün ayrılmış 4 min 400 nəfərlik rezervasiya kvotasına onlayn müraciətlərin sayı bu göstəricidən 24,6 dəfə çox olub. Bildirilib ki, pandalar sabah Yaponiyadan yola salınacaq və 28 yanvarda Çində yaşayacaqları mərkəzə çatacaqlar. Onların geri qaytarılması ilə Yaponiya 50 ildən artıq müddətdən sonra pandasız qalacaq.
Çin ilk dəfə 1972-ci ildə Yaponiya ilə münasibətlərin normallaşmasının xatirəsinə Ueno Zooparkına panda hədiyyə etmişdi. Yeni pandaların göndərilməsi isə iki ölkə arasında dostluğun simvolu kimi dəyərləndirilsə də, bu istiqamətdə gözləntilər hazırda qeyri-müəyyən olaraq qalır.
Bu qeyri-müəyyənliyin səbəbi Yaponiya ilə Çin arasında artan siyasi gərginlikdir. Yaponiya Baş naziri Takaiçi Sanaenin 7 noyabr 2025-ci ildə parlamentdə Tayvan boğazına müdaxilə halını ölkəsinin mövcudluğuna təhdid kimi qiymətləndirə biləcəyi və hərbi gücdən istifadə ehtimalını dilə gətirməsi Pekinin kəskin reaksiyasına səbəb olmuşdu. Bu bəyanat Yaponiyanın uzun illərdir izlədiyi “strateji qeyri-müəyyənlik” xəttindən kənara çıxması kimi qiymətləndirilmişdi.
Reaksiyalardan sonra Takaiçi Sanae açıqlamalarının nəzəri xarakter daşıdığını bildirsə də, sözlərini geri götürməmişdi. Bunun ardınca Çin tərəfi Yaponiyanın Pekindəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim etmiş, Çin Xarici İşlər Nazirliyi Yaponiyaya səfərlə bağlı, Çin Təhsil Nazirliyi isə təhsillə bağlı xəbərdarlıqlar yaymışdı.