Yaponiyada 200 illik məhsul festivalı: palçıqda güləş və “bərəkətli yağış”

Yaponiyanın Yotsukaido şəhərində keçirilən Warabi Hadaka Matsuri festivalında belbağlı kişilər palçıqlı sahədə güləşərək bol məhsul və uşaqların sağlamlığı üçün dua ediblər.

55

Yaponiyanın paytaxtı Tokionun kənarında yerləşən Yotsukaido şəhərində iki əsrdən artıq tarixə malik ənənəvi məhsul bayramı keçirilib. “Warabi Hadaka Matsuri” çərçivəsində 30-dan çox kişi soyuq və güclü yağışa baxmayaraq, ənənəvi belbağı geyimində palçıqlı sahədə güləşərək bol məhsul üçün dua edib.

Tədbir Çiba prefekturasında baş tutub. İştirakçılar qruplara bölünərək insan piramidaları qurub, bir-birilərini palçığa ataraq simvolik qarşılaşmalar keçiriblər. Festivalın təşkilatçılarına görə, bu ənənə təxminən 200 il əvvələ dayanır və kənd sakinlərinin düyü tarlalarında atlarla birlikdə mübarizə aparması rituallarından qaynaqlanır.

Festivalın təşkilatçılarından Kenji Tsuruoka bildirib ki, mərasim yalnız bol məhsul üçün deyil, həm də uşaqların sağlam böyüməsi üçün dualarla müşayiət olunur. Bu il bəzi iştirakçılar yeni doğulmuş körpələrini də sahəyə gətiriblər.

Üçüncü dəfə festivala qatılan müəllim Takeşi Seino bu ənənənin uzun tarixə malik olduğunu vurğulayıb. 60 yaşlı iştirakçı Kenji Naqata isə yağan leysanı “bərəkətli yağış” adlandıraraq bunun uğur əlaməti olduğunu deyib.

Qeyd edək ki, ərazi artıq əvvəlki kimi kənd təsərrüfatı bölgəsi olmasa da, festival yerli icma üçün mədəni kimliyin vacib hissəsi olaraq qalır.