Xristian din xadimləri Ağ Evdə Tramp üçün dua etdi

ABŞ və İsrailin İrana qarşı hücumları davam edərkən xristian din xadimləri Ağ Evdə toplaşaraq Prezident Donald Tramp və ABŞ ordusu üçün dua edib.

36

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının davam etdiyi bir vaxtda bir qrup xristian din xadimi Ağ Evdə bir araya gələrək ABŞ Prezidenti Donald Tramp üçün dua edib.

Ağ Evin xüsusi katibinin müavini Dan Skavino sosial şəbəkə hesabında paylaşdığı videoda din xadimlərinin Oval kabinetdə Trampın ətrafında toplaşaraq dua etdiyini göstərib.

Videoda görünür ki, din xadimlərindən biri Tramp üçün “bərəkət və ilahi mərhəmət” diləyir və qarşılaşdığı çətinliklər zamanı doğru qərarlar verməsi üçün Tanrıdan kömək istəyir.

Din xadimi dua zamanı həmçinin ABŞ Silahlı Qüvvələrinin hərbçiləri üçün də dua edərək onların qorunmasını arzulayıb.
“Tanrım, ordumuzda və silahlı qüvvələrimizdə xidmət edən bütün kişi və qadınlara mərhəmət və qorumanı bəxş et. Prezidentimizə isə böyük millətimizi idarə etmək üçün lazım olan gücü verməyə davam et”, – deyə o bildirib.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda baş tutan bu dua mərasimi sosial mediada geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, İsrail və ABŞ Tehran ilə Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Buna cavab olaraq İran da regionda ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrdə – xüsusilə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərində müəyyən hədəflərə hücumlar həyata keçirib.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində 926 nəfər həyatını itirib.

Hücumlar zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin öldüyü bildirilir.