Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub. Prezidentin köməkçisi Anar Ələkbərov Memorialın ideyası, memarlıq konsepsiyası və ekspozisiya bölmələri barədə Prezidentə və birinci xanıma ətraflı məlumat verib.
Qeyd edək ki, Memorial Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondunun konsepsiyası əsasında reallaşdırılıb.
Memorial dörd əsas bölmədən ibarətdir. Ekspozisiyalarda Xocalı soyqırımının dəhşətləri, Ermənistanın işğalçılıq siyasəti, beynəlxalq hüququn pozulması faktlar, sənədlər və instalyasiyalar vasitəsilə təqdim olunur. “Faciənin siması”, “Bir gecənin içində səssiz qalan evlər” kimi instalyasiyalar ziyarətçilərə 1992-ci ilin fevralında törədilmiş soyqırımının miqyasını dərindən hiss etdirməyi hədəfləyir.
Memorial ərazisində əkilən badam ağacları “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rəmzi olaraq faciəyə münasibətdə ədalət çağırışını simvolizə edir. Ekspozisiya eyni zamanda 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə, dövlət suverenliyinin bərpası və “Böyük Qayıdış” ideyası ilə tamamlanır.
Açılışdan sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazıb, daha sonra birinci xanım və ailə üzvləri ilə birlikdə Memorialla tanış olub və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.









