“X” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Fransada jandarmın “X” şirkətinin Parisdə yerləşən ofislərində apardığı axtarışı “siyasi hücum” adlandırıb.
Mask bu fikri “X” sosial şəbəkəsindəki rəsmi hesabında, şirkətin Qlobal Hökumət Əlaqələri hesabı tərəfindən yayımlanan açıqlamanı paylaşaraq bildirib. O, paylaşımında açıq şəkildə “Bu, siyasi bir hücumdur” ifadəsindən istifadə edib.
“X” şirkətinin Qlobal Hökumət Əlaqələri tərəfindən yayımlanan açıqlamada isə Fransa məhkəmə orqanlarının “alqoritmlərin manipulyasiyası və saxta məlumat əldə edilməsi iddiaları” ilə bağlı siyasiləşdirilmiş istintaq çərçivəsində Parisdəki ofisə basqın təşkil etdiyi qeyd olunub.
Açıqlamada Paris Prokurorluğunun istintaqın birbaşa mövzusu olmayan Fransadakı “X” ofislərini və əməkdaşlarını hədəfə alaraq, şirkətin ABŞ-də yerləşən ali rəhbərliyinə “açıq təzyiq göstərməyə çalışdığı” iddia edilib. Bildirilib ki, basqına əsas verən ittihamlar əsassızdır və “X” şirkətinin hər hansı qanun pozuntusuna yol verdiyi qəti şəkildə təkzib olunur.
Şirkət həmçinin vurğulayıb ki, “qurama xarakterli bu basqın fransız qanunlarının təhrif edildiyi, məhkəmə prosesinə maneə törədildiyi və ifadə azadlığının təhlükə altına alındığına dair narahatlıqları gücləndirir”.
Paris Prokurorluğu bir gün əvvəl yaydığı açıqlamada,2025-ci ilin yanvarında başladılmış istintaq çərçivəsində jandarmın “X” şirkətinin Fransadakı ofislərində axtarış apardığını bildirmişdi. Fransanın “Le Monde” qəzetinin məlumatına görə, axtarışlar Parisdə yerləşən ofislərdə həyata keçirilib.
Prokurorluq, istintaq dövründə rəhbər vəzifədə olmuş Linda Yaccarino və İlon Maskı 20 aprel tarixində Parisdə ifadə verməyə çağırıb.