Veronada Olimpiadanın bağlanışı ərəfəsində etirazlar: “Olimpiada yox, mənzil lazımdır”

İtaliyanın Verona şəhərində Qış Olimpiya Oyunlarının bağlanış mərasimi ərəfəsində yüzlərlə insan mənzil böhranı və ekoloji zərərlərə etiraz edib.

41

İtaliyanın Verona şəhərində yüzlərlə insan Qış Olimpiya Oyunlarının bağlanış mərasimindən bir neçə saat əvvəl küçələrə çıxaraq mənzil qiymətlərinin artmasına və ətraf mühitə dəyən zərərlərə etiraz edib.

Olimpiada? Xeyr, təşəkkürlər!” şüarı ilə keçirilən aksiya universitet qrupları və vətəndaş birlikləri tərəfindən təşkil olunub. Etirazçılar Olimpiya Oyunlarının meşələrin məhv edilməsinə, həssas ərazilərin betonlaşdırılmasına və sosial bərabərsizliyin dərinləşməsinə səbəb olduğunu bildiriblər.

76 yaşlı fəal Ciannina Dal Bosko aksiyada çıxışı zamanı bildirib ki, məqsədləri ərazilərini spekulyativ layihələrdən və Olimpiya tədbirlərinin adi vətəndaşlar üçün əlçatmaz olan yüksək xərclərindən qorumaqdır.

Qış Olimpiya Oyunlarının bağlanış mərasiminə biletlərin qiyməti 950 avrodan başlayaraq 2900 avroya qədər yüksəlib. Mərasim axşam saatlarında Veronanın tarixi Roma amfiteatrında keçirilib.

Aksiya iştirakçıları “Az adam üçün az oyun, hamı üçün daha çox ev” yazılı plakatlar qaldırıblar. Viçenza şəhərindən gələn 34 yaşlı Françeska yeni Olimpiya infrastrukturlarının mənzərəni korladığını deyərək, xüsusilə istifadəsiz qalacaq bobslay trekini “beton canavar” adlandırıb və dövlət vəsaitinin mənzil və daşqın təhlükəsizliyi layihələrinə xərclənməli olduğunu vurğulayıb.

Etiraz zamanı bəzi iştirakçılar fələstin kəfiyyələri taxıb və Fələstin bayraqları dalğalandırıblar.

Aksiya təxminən iki saat davam edib və XVI əsrə aid Porta Paliodan XIX əsrin Arsenal Meydanına qədər təhlükəsizlik zonasından kənarda yürüş edilib. Etirazçılar qısa müddətə qapalı zona yaxınlığında dayanaraq içəri buraxılmalarını tələb etsələr də, buna icazə verilməyib. Yürüşdən əvvəl fəallar yol üzərinə böyük hərflərlə “Beş dairə, minlərlə borc” şüarını yazıblar.

Verona meri Damiano Tommasi bildirib ki, Olimpiada kimi iri beynəlxalq tədbirlər həmişə diqqət mərkəzində olmaq istəyən qrupları cəlb edir və buna görə gücləndirilmiş təhlükəsizlik tədbirləri əsaslıdır.

Qeyd edək ki, Olimpiya Oyunlarının ilk günü Milanda keçirilən daha böyük etiraz aksiyasında təxminən 10 min nəfər iştirak edib və hadisələr sonradan zorakılığa çevrilib.