Vatikan Qəzza üzrə yaradılan Sülh Şurasına qoşulmayacaq

33

Vatikan Qəzza üzrə yaradılan Sülh Şurasında iştirak etməyəcək. Bu barədə Vatikan Dövlət Katibi (Baş nazir) Pietro Parolin məlumat verib.

Vatikanın rəsmi nəşri olan “Vatican News”un yaydığı məlumata görə, Parolin 1929-cu il Lateran Sazişinin 97-ci ildönümü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Vatikan digər dövlətlərdən fərqli və özünəməxsus quruluşa malik olduğu üçün Şuraya qoşulmayacaq.

Kardinal Parolin qeyd edib ki, Sülh Şurasının strukturu ilə bağlı “aydınlaşdırılması vacib olan bəzi kritik məqamlar” mövcuddur. Onun sözlərinə görə, beynəlxalq böhranların ilk növbədə BMT tərəfindən idarə olunması vacibdir və Vatikan bu prinsipdə israrlıdır.

Parolin həmçinin Rusiya–Ukrayna münaqişəsinə toxunaraq, tərəflər arasında sülh istiqamətində ciddi irəliləyiş müşahidə olunmadığını bildirib.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani parlamentdə çıxışı zamanı İtaliyanın Sülh Şurasında “müşahidəçi” statusu ilə iştirak edəcəyini açıqlayıb.

Tacani bildirib ki, İtaliyanın Aralıq dənizi regionunda sülh təşəbbüslərindən kənarda qalması həm siyasi baxımdan anlaşılmaz olar, həm də ölkə Konstitusiyasının müharibəni rədd edən 11-ci maddəsinin ruhuna ziddir.

O, həmçinin İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində torpaqların qeydiyyatı ilə bağlı birtərəfli qərarını pislədiklərini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp 9 oktyabr 2025-ci ildə Misirdə aparılan danışıqlarda İsrail və HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin təsdiqləndiyini açıqlamışdı. Daha sonra BMT Təhlükəsizlik Şurası 17 noyabr 2025-ci il tarixli 2803 saylı qətnamə ilə Qəzza münaqişəsinin sona çatdırılması üzrə hərtərəfli planı dəstəkləmişdi.

Yeni mexanizm çərçivəsində “Sülh Şurası”, “Sülh İdarə Heyəti” və “Qəzza İdarəetmə Şurası” olmaqla üç əsas struktur yaradılıb. Sülh Şurasına ABŞ rəhbərlik edir və Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qurucu üzv qismində iştirak etməyə dəvət edib.

İsveçrənin Davos şəhərində 22 yanvarda “Qəzza üçün Sülh Şurası Xartiyası”nın imzalanma mərasimi keçirilib.

Vatikan isə mövqeyini qoruyaraq, beynəlxalq böhranların həllində əsas platforma kimi BMT-ni görməyə davam edir.