ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 3500-ə yaxın dənizçi və dəniz piyadasını daşıyan “USS Tripoli” amfibiya hücum gəmisinin Yaxın Şərqdəki əməliyyat zonasına çatdığını açıqlayıb. Məlumat martın 28-də yayılıb və bölgədə artan hərbi gərginlik fonunda diqqət çəkib.
MSNews.az-ın “Sözcü“-yə istinadən məlumatına görə, təxminən 260 metr uzunluğa və 45 min ton su tutumuna malik “USS Tripoli” göyərtəsində “F-35″ döyüş təyyarələri, “MV-22 Osprey” tiltrotor aparatları və qoşunların sahilə çıxarılması üçün istifadə olunan desant vasitələri daşıyır. Bu xüsusiyyətlərinə görə gəmi kiçikmiqyaslı aviadaşıyıcı funksiyası da yerinə yetirə bilir.
Məqalədə qeyd olunur ki, cəmi altı ilə yaxın xidmətdə olan gəminin rəhbərlik etdiyi amfibiya hazırlıq qrupuna normalda “USS New Orleans” və “USS San Diego” kimi digər çıxarma və dok gəmiləri də daxil olur. Lakin həmin platformaların bu missiyada “USS Tripoli”-ni müşayiət edib-etmədiyi hələlik dəqiqləşməyib.
Bu tip amfibiya birlikləri adətən təxliyə əməliyyatları, qəfil basqınlar və gəmidən sahilə hərbi keçid tələb edən missiyalarda istifadə olunur. Xəbərdə bildirilir ki, onların tərkibində həm hava, həm quru komponentləri, eləcə də xüsusi əməliyyat hazırlığı keçmiş bölmələr yer ala bilər.

USS Tripoli-nin bölgəyə yerləşdirilməsi ABŞ-ın Yaxın Şərqdə hərbi çevikliyini və reaksiyaya hazır qüvvələrini gücləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir. Bununla yanaşı, müşayiət edən digər gəmilər və missiyanın tam miqyası barədə əlavə rəsmi məlumat hələ açıqlanmayıb.