Ukrayna Azov dənizində Rusiyanın 8 tankerini vurduğunu açıqladı

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Azov dənizində Rusiyanın “kölgə donanması”na aid 8 tankerin, həmçinin bir quru yük gəmisinin və bir bərənin vurulduğunu bildirib. Məlumatın Rusiya tərəfi və müstəqil mənbələr tərəfindən təsdiqi hələlik yoxdur.

14

Ukrayna Azov dənizində Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən 8 tankerin vurulduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı “Madyar” ləqəbi ilə tanınan Robert Brovdi  “Telegram” kanalında məlumat yayıb. Onun sözlərinə görə, iyulun 7-nə keçən gecə keçirilən əməliyyat zamanı Azov dənizində yanacaq daşıyan 8 tanker hədəfə alınıb.

Brovdi bildirib ki, hücum zamanı təkcə tankerlər deyil, həm də bir quru yük gəmisi və bir bərə zədələnib. O, əməliyyatı “dəniz-hava döyüşünün sənaye səviyyəsinə çıxması” kimi təsvir edib və vurulan gəmilərin Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid olduğunu iddia edib.

Ukrayna mediasının məlumatına görə, vurulan tankerlərin Krıma yanacaq daşıdığı bildirilir. UNN yazır ki, zərbələr Ukraynanın “FirePoint” şirkətinə məxsus zərbə dronları vasitəsilə endirilib. Bununla belə, hücumun miqyası və gəmilərə dəymiş zərərin səviyyəsi müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

The Insider” isə Brovdinin paylaşımına istinadən yazır ki, o, vurulduğu iddia edilən tankerlərdən yeddisinin adını açıqlayıb və zərbələrin videosunu paylaşıb. Rusiya tərəfi hələlik Azov dənizində 8 tankerin məhv edilməsi barədə Ukrayna iddiasını rəsmi şəkildə təsdiqləməyib.

“Rusiya kölgə donanması” termini Moskvanın neft və yanacaq ixracına tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə etdiyi, qeydiyyatı və sığortası qeyri-şəffaf olan tanker şəbəkəsinə münasibətdə işlədilir. “Reuters“-in məlumatına görə, Avropa ölkələri son aylarda belə gəmilərə qarşı nəzarəti gücləndirib, o cümlədən saxta Kamerun bayrağı altında üzən tankerlərin qeydiyyatdan çıxarılması istiqamətində addımlar atılıb.

The Financial Times” daha əvvəl yazmışdı ki, Ukrayna beynəlxalq qurumlara müraciət edərək Rusiyanın “kölgə donanması” gəmilərinin legitim hərbi hədəf sayılmalı olduğunu əsaslandırmağa çalışır. Kiyev bu gəmilərin Rusiyanın müharibəni maliyyələşdirməsində mühüm rol oynadığını bildirir.

Əgər Ukraynanın açıqladığı məlumat təsdiqlənsə, bu, Azov dənizində Rusiyanın yanacaq-logistika şəbəkəsinə qarşı ən genişmiqyaslı dəniz dron əməliyyatlarından biri kimi qiymətləndirilə bilər. Hazırda hadisə ilə bağlı əlavə rəsmi məlumatların açıqlanması gözlənilir.