Türkiyə: İrandan atılan ballistik raket NATO qüvvələri tərəfindən zərərsizləşdirilib

Türkiyə Müdafiə Nazirliyi İrandan atılan və hava məkanına daxil olan ballistik sursatın NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

24

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, İrandan buraxılan və Türkiyə hava məkanına daxil olan ballistik raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

MSNews.az-ın “Reuters“-ə istinadən məlumatına görə, hadisə 30 mart tarixində baş verib və bu, ay ərzində qeydə alınan dördüncü belə insidentdir.

Rəsmi Ankara vurğulayıb ki, ölkənin ərazisi və hava məkanına yönələn istənilən təhdidə qarşı “qətiyyətlə və tərəddüdsüz” bütün zəruri tədbirlər görülür. “Anadolu Agentliyi” də Müdafiə Nazirliyinin açıqlamasına istinadən eyni məzmunu yayıb.

Qeyd olunur ki, bundan əvvəl martın 4-ü, 9-u və 13-də də İran istiqamətindən gələn ballistik raket və sursatlar NATO sistemləri tərəfindən vurulmuşdu. Əvvəlki insidentlərdən sonra Ankara Tehrana etirazını çatdırmış və xəbərdarlıq etmişdi.

Eyni mənbəyə görə, İran əvvəlki üç hadisə üzrə bu buraxılışlara rəsmi icazə vermədiyini bildirib və Türkiyə ilə birgə araşdırma aparılmasını təklif edib. Hazırkı insidentlə bağlı Tehran tərəfinin mövqeyi isə hələ tam aydın deyil.