Türkiyə və Britaniya müdafiə sazişi imzaladı

Türkiyə və Böyük Britaniya Ankarada keçirilən NATO sammiti çərçivəsində Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı Sazişi imzalayıb. Sənəd hərbi əməkdaşlıq, müdafiə sənayesi, kibertəhlükəsizlik, hibrid təhdidlər, terrorla mübarizə və kosmos sahələrini əhatə edir.

10

Türkiyə və Böyük Britaniya Ankarada keçirilən NATO sammiti çərçivəsində yeni Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı Sazişi imzalayıb.

MSNews.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında yayımlanan birgə bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, saziş Ankara sammiti çərçivəsində imzalanıb və iki ölkə arasında strateji tərəfdaşlıqda mühüm mərhələ kimi qiymətləndirilir.

Bəyanata əsasən, tərəfdaşlıq Türkiyə və Böyük Britaniyanın dəyişən Avro-Atlantik təhlükəsizlik mühitinə cavab olaraq əməkdaşlığı daha da gücləndirmək və institusionallaşdırmaq niyyətini əks etdirir. Saziş iki böyük Avropa NATO müttəfiqi arasında siyasi-hərbi məsləhətləşmələrin dərinləşdirilməsini nəzərdə tutur.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi də sənədin müdafiə və təhlükəsizlik sahəsində geniş istiqamətləri əhatə etdiyini açıqlayıb. Bunlara çəkindirmə və müdafiə siyasəti, hərbi əməkdaşlıq, müdafiə sənayesi və texnologiyalar, kibertəhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə, terrorla mübarizə, dayanıqlılıq, mülki hazırlıq və kosmos sahəsi daxildir.

Görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında baş tutub. “Anadolu Agentliyi” yazır ki, liderlər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal prosesləri də müzakirə ediblər.

Ərdoğan görüşdə Türkiyə və Böyük Britaniya arasında əməkdaşlıq və yaxın dialoqun əhəmiyyətini vurğulayıb. O, NATO-nun kollektiv təhlükəsizlikdəki rolunun zəiflədilməməli olduğunu, transatlantik əlaqələrin qorunmasının vacibliyini və Avropa İttifaqına üzv olmayan NATO müttəfiqlərinin də Avropanın müdafiə təşəbbüslərinə daxil edilməli olduğunu bildirib.

Sənəddə Ankara və Londonun daha güclü NATO daxilində daha güclü Avropa qurmaq öhdəliyinə sadiq qaldığı qeyd edilir. Tərəflər eyni zamanda transatlantik bağların qorunmasının vacibliyini vurğulayıb və müdafiə xərclərinin artırılması, Alyansın ehtiyac duyduğu imkanların inkişafı istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bəyan ediblər.

Bununla belə, sazişin konkret icra mexanizmləri və praktiki öhdəlikləri tam şəkildə ictimaiyyətə açıqlanmayıb. Açıq bəyanatlarda əsasən əməkdaşlığın sahələri və siyasi çərçivəsi göstərilir.