ABŞ prezidenti Donald Tramp Roma Papası XIV Leonu sərt şəkildə tənqid edib. O, Papa Leonu cinayətkarlıqla mübarizə məsələsində “zəif”, xarici siyasətdə isə “bərbad” adlandırıb. Bu açıqlamalar Papa Leonun İran müharibəsi və Tramp administrasiyasının miqrasiya siyasəti ilə bağlı tənqidlərindən sonra səslənib.
Xəbəri “Reuters”-ə istinadən MSNews.az verir.
Tramp çıxışında Papa Leonun administrasiyadan duyulan qorxu barədə danışdığını xatırladıb, eyni zamanda COVID dövründə kilsələrin üzləşdiyi məhdudiyyətləri gündəmə gətirib. O, həmçinin Papa Leonun qardaşı Lui Prevostu daha çox bəyəndiyini və onu “əsl MAGA” kimi təqdim etdiyini bildirib.
Tramp Papa Leonun İranla bağlı mövqeyini də hədəfə alıb. ABŞ lideri Papa Leonun İranın nüvə silahına sahib olmasına yumşaq yanaşdığını iddia edib, həmçinin onun ABŞ-ın Venesuela siyasətinə tənqidi münasibətini qəbul etmədiyini vurğulayıb. Bununla yanaşı, Tramp Papa seçimini də siyasi kontekstdə şərh edərək, Leonun Vatikan tərəfindən əsasən ABŞ-la münasibətlər baxımından seçildiyini irəli sürüb.
“Leo minnətdar olmalıdır, çünki hər kəs bilir ki, onun seçilməsi şok yaradan bir sürpriz idi. O, Papa vəzifəsi üçün heç bir siyahıda yox idi və Kilsə onu oraya yalnız amerikalı olduğu üçün daxil etdi; düşündülər ki, prezident Donald ilə münasibət qurmağın ən yaxşı yolu budur. Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı.”-deyə Tramp bildirib
Qarşıdurmanın fonunda Papa Leo son günlər İran müharibəsini açıq şəkildə tənqid edirdi. Pontifik Trampın İranla bağlı sərt ritorikasını “tamamilə qəbuledilməz” adlandırmış, daha sonra isə müharibəni qidalandıran “hər şeyə qadirlik illüziyası”nı pisləmişdi.