Donald Tramp ABŞ-nin İranla müharibədə əsas məqsədlərinə böyük ölçüdə nail olduğunu bildirib. ABŞ prezidenti “CBS News” telekanalına telefonla verdiyi müsahibədə qarşıdurmanın gedişatını şərh edərkən müharibənin demək olar ki, tamamlandığını deyib.
Trampın sözlərinə görə, İranın hərbi potensialı ciddi şəkildə zəiflədilib. “Məncə, müharibə böyük ölçüdə başa çatıb. Onların donanması yoxdur, rabitə sistemləri yoxdur, hava qüvvələri yoxdur”, – deyə ABŞ prezidenti qeyd edib.
O həmçinin iddia edib ki, Vaşinqtonun ilkin mərhələdə müəyyən etdiyi hərbi hədəflərə gözləniləndən daha tez çatılıb. Tramp bildirib ki, planlaşdırılan 4–5 həftəlik müddətdən xeyli əvvəl nəticə əldə olunub.
ABŞ prezidenti İran rəhbərliyi ilə bağlı da açıqlama verərək bildirib ki, Müctəba Xamaneinin ölkənin yeni lideri kimi hakimiyyətə gəlməsindən məmnun deyil. Tramp qeyd edib ki, İranın gələcək rəhbərliyi ilə bağlı alternativ fiqur barədə düşündüyünü desə də, konkret ad açıqlamayıb.
Müsahibə zamanı Tramp strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı da danışaraq ABŞ-ın bu bölgədə nəzarəti ələ keçirməyi nəzərdən keçirdiyini bildirib. O, İranın hər hansı yeni hücum cəhdinin ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.