ABŞ Prezidenti Donald Trump İranda rejim dəyişikliyi ehtimalı ilə bağlı açıqlamasında bunun “ola biləcək ən yaxşı şey” olacağını bildirib.
Vaşinqtonda jurnalistlərə danışan Tramp həftəsonunu keçirmək üçün Floridaya yola düşməzdən əvvəl təyyarəyə minərkən sualları cavablandırıb. “İranda rejim dəyişikliyi istəyirsinizmi?” sualına cavab olaraq o, “Məncə, ola biləcək ən yaxşı şey bu olardı” deyə qeyd edib.
Tramp İranın ABŞ tərəfindən mümkün hücumdan yayınmaq üçün nə etməli olduğu barədə suala cavabında bildirib ki, rəsmi Tehran əvvəldən düzgün razılaşmaya gəlməli idi. “Əvvəllər etməli olduqları düzgün bir razılaşmaya gəlməkdir. O zaman biz bunu etmərik (hücum etmərik). Amma bilirsiniz ki, tarixən bunu etməyiblər” deyə o vurğulayıb.
İranın “çox danışıb heç nə etmədiyini” iddia edən ABŞ prezidenti son 47 ildə Vaşinqtonun itkilər verdiyini bildirib və bu müddətdə çoxsaylı insanın həyatını itirdiyini qeyd edib.
Tramp İranda hakimiyyətin kimə ötürülməsini istədiyi ilə bağlı suala isə bu mövzuda danışmaq istəmədiyini deyib. O, bölgəyə “böyük qüvvələr” göndərildiyini xatırladaraq əlavə qüvvələrin də yola salındığını və yaxın vaxtlarda yeni təyyarədaşıyan gəmilərin istiqamət alacağını bildirib. “Bu dəfə məsələni yoluna qoya biləcəyikmi, görəcəyik” deyə Tramp əlavə edib.
ABŞ prezidenti eyni zamanda Vaşinqtonun İran tərəfindən hər hansı nüvə zənginləşdirmə fəaliyyətini istəmədiyini bir daha təkrarlayıb və bu məsələdə mövqelərinin dəyişmədiyini vurğulayıb.