Tramp İran əməliyyatına Netanyahunun zəngindən sonra yekun qərar verib

"Reuters"-in məlumatına görə, Donald Tramp İran əməliyyatına yekun qərarı Benyamin Netanyahu ilə telefon danışığından sonra verib.

14

Reuters“-in eksklüziv məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyata son qərarı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra verib.

Məlumata əsasən, hücumdan 48 saat əvvəl baş tutan bu danışıq zamanı Netanyahu İranın ali lideri Əli Xameneinin və yaxın çevrəsinin eyni məkanda olacağını vurğulayaraq bunu “tarixi fürsət” kimi təqdim edib.

İddialara görə, İsrail tərəfi bu fürsətdən istifadə edərək İran rəhbərliyinə qarşı “dekapitasiya zərbəsi” endirilməsini – yəni rəhbərliyin hədəf alınmasını təklif edib. Bu tip əməliyyatlar daha çox İsrail tərəfindən tətbiq edilsə də, ABŞ üçün nadir yanaşma hesab olunur.

Mənbələr bildirir ki, Tramp artıq ümumi hücum planını əvvəlcədən təsdiqləmişdi, lakin əməliyyatın vaxtı və konkret şərtləri ilə bağlı yekun qərar məhz bu danışıqdan sonra verilib.

Netanyahu həmçinin Trampa bu əməliyyatın İran daxilində siyasi dəyişikliklərə səbəb ola biləcəyini və xalqın hakimiyyətə qarşı ayağa qalxa biləcəyini söyləyib.

ABŞ administrasiyası isə rəsmi açıqlamada əməliyyatın məqsədinin İranın raket və hərbi imkanlarını məhv etmək, onun nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.

Bununla yanaşı, “Reuters” qeyd edir ki, Netanyahunun təsirinin qərara nə dərəcədə təsir etdiyi tam məlum deyil, lakin onun arqumentlərinin Tramp üçün “inandırıcı” olduğu bildirilir.

Ekspertlərə görə, bu məlumatlar ABŞ və İsrail arasında İran məsələsində koordinasiyanın yüksək səviyyədə olduğunu göstərir və regionda baş verən münaqişənin miqyasını daha da genişləndirə bilər.