Trampın Çin səfərində “agent qarson” iddiası yayıldı

Donald Trampın Çinə səfəri zamanı çəkilən sinxron hərəkətli çinli garsonların görüntüləri sosial şəbəkələrdə “agent qarson” iddiası ilə gündəm olub.

1

ABŞ Prezidenti Donald Trampın Çinə rəsmi səfəri zamanı çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Türkiyənin “Sözcü” nəşrinin yazdığına görə, səfər zamanı dövlət protokolunda xidmət göstərən çinli personalın son dərəcə nizamlı, sinxron və hərbi intizamı xatırladan davranışları diqqət çəkib. 

Yayılan videolarda zalda çalışan qarsonların eyni anda və millimetrik dəqiqliklə hərəkət etməsi izləyicilərin marağına səbəb olub. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə milyonlarla dəfə izlənib və müxtəlif versiyaların ortaya atılmasına yol açıb.

Müzakirələrin əsas səbəbi isə həmin şəxslərin adi xidmət personalı deyil, xüsusi hazırlıqlı təhlükəsizlik və ya kəşfiyyat əməkdaşları ola biləcəyi barədə iddialardır. Nəşr yazır ki, sosial mediada yayılan versiyalara görə, Trampın yaxınlığında xidmət göstərən bəzi əməkdaşların Çin kəşfiyyat strukturları ilə bağlı ola biləcəyi irəli sürülüb. Bununla belə, nə Pekin, nə də Vaşinqton bu iddialarla bağlı rəsmi açıqlama verib.

Hindistanın NewsX” nəşri də viral görüntülərdən sonra sosial mediada “hər garson kəşfiyyat əməkdaşıdır” kimi iddiaların yayıldığını yazıb. Lakin nəşr bunu təsdiqlənmiş fakt kimi deyil, sosial şəbəkə istifadəçilərinin spekulyasiyası kimi təqdim edib.

Ekspertlər və sosial media istifadəçiləri görüntüləri fərqli cür şərh edirlər. Bəziləri bunu Çin dövlət protokoluna xas yüksək intizam və peşəkarlıq nümunəsi kimi qiymətləndirir. Digərləri isə yüksək səviyyəli lider görüşlərində xidmət personalının təhlükəsizlik və nəzarət baxımından xüsusi hazırlıqdan keçə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, Trampın Çin səfəri təkcə diplomatik danışıqlarla deyil, həm də sosial şəbəkələrdə yayılan müxtəlif görüntülərlə gündəmə gəlib. Daha əvvəl başqa bir viral videoda Trampın Si Cinpinin qeydlərinə baxdığı iddia olunmuşdu, lakin sonradan həmin qovluğun Trampın öz çıxış materiallarına aid olduğu bildirilmişdi.

Beləliklə, “agent qarson” iddiası hələlik rəsmi təsdiqini tapmayıb. Lakin görüntülər ABŞ-Çin münasibətlərində təhlükəsizlik, protokol və qarşılıqlı etimad məsələlərinin nə qədər həssas qəbul edildiyini bir daha göstərib.