ABŞ prezidenti Donald Tramp administrasiyasının İranda mümkün siyasi dəyişikliklər fonunda ölkənin gələcək rəhbərliyində görmək istədiyi şəxslərin adları məlum olub.
Məlumata görə, Vaşinqton İranın siyasi sistemində mümkün dəyişikliklər baş verəcəyi halda hakimiyyətdə yer ala biləcək bir neçə islahatçı siyasətçini potensial fiqurlar kimi qiymətləndirir.
ABŞ administrasiyasının nəzərdən keçirdiyi siyahıda İranın hazırkı prezidenti Məsud Pezeşkian, ölkənin sabiq prezidentlərindən biri və islahatçı qanadın əsas fiqurlarından sayılan Məhəmməd Hətəmi, eləcə də keçmiş prezident Həsən Ruhani yer alır.
Bundan əlavə, siyahıda İranın hazırkı xarici işlər naziri Abbas Araqçi və ölkənin sabiq xarici işlər naziri, qərbyönümlü mövqeyi ilə tanınan Cavad Zərif də göstərilir.
Məlumatlara görə, adı çəkilən siyasətçilərin hamısı İranın islahatçı qanadına aid edilir və müxtəlif dövrlərdə SEPAH-ın siyasi sistemdə dominant roluna qarşı mövqe nümayiş etdiriblər.
ABŞ administrasiyasının xüsusilə Həsən Ruhani və ya Məhəmməd Hətəminin yeni ali dini lider postunda olmasına daha çox üstünlük verdiyi bildirilir. Donald Trampın fikrincə, bu siyasətçilərlə anlaşma əldə etmək və İran daxilində müxtəlif siyasi qrupları birləşdirə biləcək model formalaşdırmaq mümkün ola bilər.