Yaponiyada aparılan uzunmüddətli elmi tədqiqat klonlama texnologiyasının ciddi məhdudiyyətlərini ortaya qoyub. Araşdırmaya görə, təkrar klonlama nəsillər boyunca genetik mutasiyaların yığılmasına və nəticədə ölümə səbəb olur.
Tədqiqat çərçivəsində 2005–2025-ci illər arasında bir dişi siçandan ümumilikdə 1206 klon siçan yaradılıb. İlk 25 nəsildə ciddi problem müşahidə edilməsə də, sonrakı mərhələlərdə mutasiyalar sürətlə artmağa başlayıb.
Alimlərin məlumatına görə, klonlarda mutasiya səviyyəsi təbii yolla doğulan siçanlarla müqayisədə 3 dəfə daha yüksək olub. Bu mutasiyalar nəsildən-nəsilə ötürülərək daha da ağırlaşıb.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə 58-ci nəsildə qeydə alınıb. Bu mərhələdə doğulan klon siçanlar zahirən normal görünsə də, bir neçə gün ərzində ölüb.
Tədqiqatın müəllifi, Yamanaşi Universitetindən alim Teruhiko Vakayama bildirib ki, bu nəticələr klonların tam “eyni nüsxə” olması fikrini təkzib edir. Onun sözlərinə görə, hər yeni klon əvvəlkinin genetik səhvlərini daşıyır və bu səhvlər zamanla yığılaraq kritik həddə çatır.
Alimlər bu prosesi surətin surətinin çıxarılması ilə müqayisə edirlər: hər yeni nüsxədə keyfiyyət bir qədər daha pisləşir.
Araşdırma həmçinin göstərir ki, məməlilərdə cinsi çoxalma genetik səhvlərin qarşısını almaqda mühüm rol oynayır. Bu səbəbdən, mövcud texnologiya ilə sonsuz sayda sağlam klon yaratmaq mümkün deyil.
Ekspertlər hesab edirlər ki, bu nəticələr klonlama texnologiyasının gələcək inkişafı üçün yeni yanaşmaların zəruriliyini ortaya qoyur.