Tayvan Çin hücumuna qarşı “dron səddi” qurur

Tayvan Ukrayna müharibəsinin təcrübəsindən yararlanaraq Çinlə mümkün qarşıdurma üçün dron və pilotsuz kater istehsalını sürətləndirir. Taypey 2030-cu ilə qədər ayda 100 min dron istehsal etməyi hədəfləyir.

53

Tayvan Ukraynadakı müharibənin təcrübəsindən nəticə çıxararaq mümkün Çin hücumuna qarşı hava və dəniz pilotsuz sistemlərindən ibarət genişmiqyaslı müdafiə şəbəkəsi yaratmağa çalışır. Taypeyin məqsədi Çin qüvvələrinin boğazdan keçərək adaya desant çıxarmasını mümkün qədər çətin və itkiləri yüksək olan əməliyyata çevirməkdir.

MSNews.az xəbər verir ki, “The New York Times” Tayvanın Ukraynada dronların daha böyük hərbi qüvvəyə qarşı effektiv istifadəsini diqqətlə öyrəndiyini yazır. Konsepsiya hava və dəniz dronlarının raketlər, mobil artilleriya və sahil müdafiə sistemləri ilə birlikdə kütləvi tətbiqini nəzərdə tutur. ABŞ Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Samuel Paparo bu yanaşmanı hələ 2024-cü ildə Tayvan boğazını pilotsuz sistemlərdən ibarət “cəhənnəm mənzərəsinə” — “hellscape”ə çevirmək ideyası kimi təsvir etmişdi.

Yeni model artıq Tayvanın illik “Han Kuang” hərbi təlimlərində sınaqdan keçirilir. Avqustun 5-də başlayan 10 günlük təlimlərdə dronlardan kəşfiyyat, hədəflərin aşkarlanması və mümkün hücumların qarşısının alınması üçün istifadə olunur. “Reuters” bildirir ki, Prezident Lay Çinte avqustun 8-də ölkənin cənubunda keçirilən sahil müdafiəsi təlimində hücum dronlarının tətbiqini şəxsən izləyib.

Tayvan Müdafiə Nazirliyinin strateji planlaşdırma rəhbəri, general-leytenant Huan Vençi etiraf edib ki, ölkə dron və anti-dron sistemlərinin inkişafına nisbətən gec başlayıb və ilkin mərhələdə proses əsasən sınaq yolu ilə aparılıb. Onun sözlərinə görə, son iki ildə yanaşma dəyişməyə başlayıb.

Taypeyin planları kifayət qədər böyükdür. Hökumət 2030-cu ilə qədər aylıq dron istehsalını 100 min ədədə çatdırmaq, bunun təxminən yarısını ixrac etmək istəyir. Müdafiə üçün isə 208 200 zərbə dronu, 1446 kəşfiyyat dronu və 1320 pilotsuz dəniz vasitəsi daxil olmaqla 210 mindən çox sistemin alınması nəzərdə tutulur. Hökumətin bunun üçün təklif etdiyi xüsusi büdcə 210 milyard Tayvan dolları — təxminən 6,6 milyard ABŞ dollarıdır.

Lakin proqram parlamentdə siyasi mübahisəyə çevrilib. Əsas müxalif Kuomintang (KMT) hökumətin xüsusi büdcəsinə alternativ olaraq altı il ərzində 240 milyard Tayvan dollarınadək — təxminən 7,5 milyard dollar vəsait ayrılmasını və yerli istehsalın payının mərhələli şəkildə artırılmasını təklif edib.

Özəl sektor da prosesə qoşulub. Tayvanın “Thunder Tiger” şirkəti və ABŞ-nin “Shield AI” şirkəti iyulun sonunda Tayvanda pilotsuz “SeaShark” katerlərinin birgə sınağını keçirib. Sistemlər süni intellekt vasitəsilə hədəf zonasını müəyyənləşdirmək, obyektləri aşkar etmək və bir neçə pilotsuz gəminin hərəkətlərini koordinasiya etmək üçün sınaqdan keçirilib.

Tayvan paralel olaraq dron ixracını da sürətlə artırır. Rəsmi iqtisadi göstəricilərə görə, 2026-cı ilin ilk üç ayında ölkənin hazır dron ixracı 115,85 milyon dollara çataraq bütün 2025-ci ilin göstəricisini geridə qoyub. Ən böyük alıcı Çexiya olub. “The New York Times” bu ixracın bir hissəsinin sonradan Ukraynaya çatdığını göstərən araşdırmaların olduğunu qeyd edir.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, yalnız minlərlə dron almaq kifayət deyil. Ordunun komanda-idarəetmə sistemi, hazırlığı və döyüş doktrinası da sürətli və çevik pilotsuz müharibəyə uyğunlaşdırılmalıdır. Çin də Ukraynadakı döyüşləri yaxından izləyir, öz pilotsuz sistemlərini və dronlara qarşı elektron mübarizə imkanlarını genişləndirir.