Suriyada 15 ildən sonra “Visa” və “Mastercard” ilə ilk ödəniş həyata keçirildi

Suriyada uzun illər davam edən maliyyə izolyasiyasından sonra ilk dəfə "Visa" və "Mastercard" kartları ilə elektron ödəniş əməliyyatı aparılıb. Bu addım ölkənin qlobal maliyyə sisteminə qayıdışı baxımından mühüm mərhələ sayılır.

Suriyada uzun illər davam edən sanksiyalar və beynəlxalq maliyyə izolyasiyasından sonra ilk dəfə “Visa” və “Mastercard” kartları ilə elektron ödəniş əməliyyatı həyata keçirilib. Yerli mənbələrin məlumatına görə, sınaq ödənişi mayın 9-da Dəməşqdə keçirilib və bu addım ölkənin qlobal ödəniş sistemlərinə yenidən qoşulması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

Xəbəri “Albayan” nəşrinə istinadən təqdim edirik.

Suriya dövlət agentliyi SANA daha əvvəl bildirmişdi ki, “Mastercard” ölkə daxilində beynəlxalq bank kartları üzrə əməliyyatların emalı üçün zəruri texniki prosedurları tamamlayıb. Agentlik bu addımı Suriyanın 15 ildən çox fasilədən sonra qlobal ödəniş şəbəkəsinə qayıdışı kimi təqdim edib.

Məlumata əsasən, yeni mexanizm ölkəyə gələn şəxslərin beynəlxalq bank kartlarından Suriyada istifadə etməsinə imkan yaradacaq. Suriya Mərkəzi Bankı bundan əvvəl lisenziyalı banklara və elektron ödəniş şirkətlərinə “Visa” və “Mastercard” kimi qlobal ödəniş şəbəkələri ilə əməkdaşlıq etməyə icazə vermişdi.

Bu proses Suriyanın beynəlxalq maliyyə sisteminə mərhələli qayıdışının davamı kimi qiymətləndirilir. “Reuters” ötən il Suriyanın müharibə başlayandan sonra ilk beynəlxalq SWIFT əməliyyatını həyata keçirdiyini yazmışdı. Daha sonra “Visa” da Suriya Mərkəzi Bankı ilə rəqəmsal ödəniş ekosisteminin inkişafı üzrə razılaşma əldə etdiyini açıqlamışdı.

Ekspertlər hesab edirlər ki, “Visa” və “Mastercard” əməliyyatlarının bərpası ölkədə bank sektorunun modernləşdirilməsi, turizm və biznes mühitinin canlanması, eləcə də nağd puldan asılılığın azaldılması baxımından əhəmiyyətlidir. Bununla belə, Suriyanın qlobal maliyyə sisteminə tam inteqrasiyası hələ uzun proses olaraq qalır və bank infrastrukturunun gücləndirilməsi, sanksiya risklərinin aradan qaldırılması və beynəlxalq etimadın bərpası əsas şərtlərdən sayılır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.