Sloveniyada seçkilər: ölkə parlamenti üçün səsvermə başlayır

Sloveniyada parlament seçkiləri keçirilir. Robert Qolob və Yanez Yanşa arasında gərgin rəqabət yaşanır, nəticələr ölkənin siyasətini müəyyən edəcək.

17

Sloveniyada vətəndaşlar 90 yerlik Milli Assambleyanı müəyyən etmək üçün səsverməyə hazırlaşır. Paytaxt Lyublyana daxil olmaqla ölkə üzrə 1,7 milyondan çox seçici seçki məntəqələrində səs verəcək.

Seçkilərdə əsas rəqabət hazırkı baş nazir Robert Qolobun rəhbərlik etdiyi “Azadlıq Hərəkatı” ilə keçmiş baş nazir Yanez Yanşanın lideri olduğu “Sloveniya Demokrat Partiyası “(SDS) arasında gedir.

Robert Qolob
Yanez Yanşa

Sorğulara əsasən, seçki yarışında təxminən 13 partiya iştirak etsə də, yalnız 6 partiyanın parlamentə düşməsi gözlənilir. Parlamentə daxil olmaq üçün partiyalar ölkə üzrə minimum 4% səs toplamalıdır.

Sloveniyada seçkilər proporsional sistem əsasında keçirilir. Ölkə 8 seçki dairəsinə bölünüb və bu dairələrdən 88 deputat seçilir. Bundan əlavə, italyan və macar azlıqları üçün ayrılmış 2 mandatla parlament ümumilikdə 90 yerlikdir.

Seçki kampaniyasının son mərhələsi isə qalmaqallı iddialarla yadda qalıb. Müxalif SDS partiyasının İsrailin “Black Cube” adlı kəşfiyyat şirkəti ilə əlaqə qurduğu iddiaları ölkə gündəmini silkələyib. Bu iddiaların ardından partiyanın reytinqində azalma müşahidə olunub.

Baş nazir Robert Qolob məsələ ilə bağlı Avropa İttifaqından seçkilərə xarici müdaxilə olub-olmadığının araşdırılmasını tələb edib. Yanez Yanşa isə bu iddiaları qəti şəkildə təkzib edərək belə bir şirkət haqqında məlumatının olmadığını bildirib.

Seçkilərin nəticəsi ölkənin xarici siyasətinə də təsir göstərə bilər. Xüsusilə, Yaxın Şərq siyasəti əsas müzakirə mövzularındandır. Qolob hökuməti 2024-cü ildə Fələstini tanıyıb və İsraillə hərbi əməkdaşlığa məhdudiyyətlər tətbiq edib. Yanşa isə bu qərarların ləğv olunmasını və referendum keçirilməsini təklif edir.

İqtisadi məsələlərdə də tərəflərin mövqeləri fərqlidir. Yanşa vergi endirimləri və dövlət xərclərinin azaldılmasını müdafiə etdiyi halda, Qolob sosial siyasətin qorunmasına və “yaşıl dönüş” strategiyasına üstünlük verir.

Analitiklərin fikrincə, heç bir partiyanın təkbaşına çoxluq qazana bilməyəcəyi gözlənilir. Bu səbəbdən seçkilərdən sonra koalisiya danışıqları ölkənin gələcək siyasi kursunu müəyyən edəcək əsas faktor olacaq.

Seçkilərin ilkin nəticələrinin gecə saatlarında açıqlanması gözlənilir.