SEPAH komandanı İsmayıl Qaani İsraildədir – İDDİA

SEPAH-ın “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin İsraildə olduğu barədə iddialar yayılıb. Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

42

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani ilə bağlı sensasion iddialar yayılıb. Bəzi mənbələr onun İsraildə təhlükəsiz vəziyyətdə olduğunu irəli sürür.

Bəzi media və sosial şəbəkə mənbələrində yayılan məlumatlara görə, SEPAH-ın “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin İsraildə olduğu və təhlükəsiz vəziyyətdə saxlanıldığı iddia olunur.

İddialarda bildirilir ki, Qaani regionda son illərdə baş vermiş bir sıra mühüm hadisələr, o cümlədən HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” rəhbərliyinin üzvləri Həsən Nəsrallah və Haşim Səfiyəddin, həmçinin İranın ali rəhbəri Əli Xamenei və SEPAH-ın bəzi yüksək rütbəli generallarına qarşı əməliyyatlarda mühüm rol oynayıb.

Lakin qeyd olunan məlumatlar hazırda rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və İranın rəsmi qurumları bu iddialarla bağlı açıqlama verməyib.

Xatırladaq ki, İsmayıl Qaani 2020-ci ildə ABŞ-nin Bağdadda həyata keçirdiyi əməliyyat nəticəsində öldürülən SEPAH-ın “Qüds” qüvvələrinin əvvəlki komandanı Qasım Süleymaninin yerinə bu vəzifəyə təyin olunub. O, İranın regiondakı hərbi və kəşfiyyat fəaliyyətlərinin əsas koordinatorlarından biri hesab olunur.

Mütəxəssislər hesab edirlər ki, belə məlumatların yayılması regionda davam edən İran–İsrail qarşıdurması fonunda informasiya müharibəsinin tərkib hissəsi ola bilər.