Seneqal Futbol Federasiyası Afrika Millətlər Kubokunda qazandığı titulun ləğv edilməsinə qarşı İdman Arbitraj Məhkəməsinə (Court of Arbitration for Sport – CAS) məhkəməsinə rəsmi şikayət edib.
Qərar yanvarın 18-də Rabatda keçirilən final oyunundan sonra verilib. Seneqal millisi matç zamanı penalti qərarına etiraz edərək meydanı tərk etsə də, 14 dəqiqədən sonra geri qayıdaraq oyunu 1:0 hesabı ilə qazanmışdı.
Lakin Afrika Futbol Konfederasiyası (CAF) apellyasiya qurumu bu nəticəni ləğv edərək texniki məğlubiyyət qərarı çıxarıb və oyunu 3:0 hesabı ilə Mərakeşin xeyrinə dəyişib.
Seneqal tərəfi CAS-a müraciətində bu qərarın ləğv olunmasını və komandanın yenidən çempion elan edilməsini tələb edir.
Məsələ ilə bağlı yaxın vaxtlarda arbitraj panelinin formalaşdırılması və prosesin təqviminin müəyyən edilməsi gözlənilir.
Ekspertlər hesab edir ki, bu iş Afrika futbolunda qaydalar və hakim qərarları ilə bağlı mühüm presedent yarada bilər.