“Saudi Aramco” Cafurah kondensatının ilk partiyalarını ABŞ və Hindistana satdı

"Saudi Aramco" Cafurah qaz layihəsindən əldə edilən kondensatın ilk yüklərini ABŞ enerji şirkətlərinə və Hindistan emalçısına satıb. İxrac bu ay başlayır.

28

Səudiyyə Ərəbistanının dövlət enerji nəhəngi “Saudi Aramco” Cafurah qaz layihəsindən hasil edilən ultra yüngül xam neft (kondensat) yüklərinin ilk partiyalarını ABŞ şirkətləri və Hindistan emalçısına satıb. Mənbələrin məlumatına görə, şirkət bu ayın sonuna doğru ilk rəsmi ixracını həyata keçirməyə hazırlaşır.

Bildirilir ki, ABŞ-ın iri enerji şirkətlərindən Chevron” fevralın sonu və mart ayı üçün yüklənəcək iki partiya Cafurah kondensatı alıb. Exxon Mobil” və Hindistanın dövlət emalçısıIndian Oil Corporation” isə növbəti ay üçün nəzərdə tutulan yükləri satın alıblar. Mənbələr bildirir ki, satışlar Dubay kotirovkalarına nisbətən hər barel üçün 2–3 dollar mükafatla, FOB şərtləri ilə həyata keçirilib.

“Chevron”-un aldığı ilk yükün Cənubi Koreyada birgə müəssisə olan “GS Caltex” zavoduna göndəriləcəyi, ikinci partiyanın isə Tailanda istiqamətlənə biləcəyi qeyd olunur.

Cafurah layihəsi “Aramco”-nun qlobal qaz bazarında əsas oyunçulardan birinə çevrilmək planlarının mərkəzində dayanır. Layihənin 229 trilyon kubfut xam qaz və 75 milyard barel kondensat ehtiyatına malik olduğu təxmin edilir. Cafurah, ABŞ-dan kənarda ən iri şist qaz layihəsi hesab olunur və 2030-cu ilə qədər gündəlik 2 milyard kubfut sabit hasilata çatacağı gözlənilir.

Mənbələrin daha əvvəl bildirdiyinə görə, “Aramco” ölkənin şərqində yerləşən Yanbu limanından ayda 4–6 ədəd, hər biri təxminən 500 min barel olan Cafurah kondensat yükü ixrac edə bilər.

Kondensat qaz hasilatı zamanı əldə edilən maye məhsuldur və əsasən neft-kimya xammalı olan nafta, həmçinin qazoyl və kerosin istehsalında istifadə olunur. İlkin texniki analizə görə, Jafurah kondensatının API dərəcəsi 49,7-dir və kükürd tərkibi təxminən 0,17 faiz təşkil edir.