“Samsung” “Gemini” əsaslı süni intellektli mobil cihazların sayını 800 milyona çatdıracaq

"Samsung Electronics" 2026-cı ildə "Google"-un "Gemini" süni intellekti ilə işləyən mobil cihazların sayını 800 milyona çatdırmağı planlaşdırır. Şirkət süni intellekt yarışında "Apple" və Çin istehsalçılarına qarşı üstünlük qazanmağı hədəfləyir.

29

“Samsung Electronics” bu il “Google”-un “Gemini” süni intellekt modeli ilə təchiz edilmiş mobil cihazlarının sayını iki dəfə artırmağı planlaşdırır. Şirkətin həmsədri T.M. Roh bildirib ki, bu addım qlobal süni intellekt yarışının sürətləndiyi bir dövrdə ABŞ texnologiya nəhəngi “Google”-a rəqibləri üzərində ciddi üstünlük qazandıra bilər.

Cənubi Koreya şirkəti ötən ilin sonuna qədər smartfon və planşetlər daxil olmaqla təxminən 400 milyon mobil məhsulunda “Gemini” əsaslı süni intellekt funksiyalarını tətbiq etmişdi. 2026-cı ildə isə bu göstəricinin 800 milyon cihaza çatdırılması planlaşdırılır.

T.M. Roh noyabrda “Samsung Electronics”-in həmsədri təyin olunmasından sonra verdiyi ilk müsahibəsində bildirib:

“Biz süni intellekti mümkün qədər bütün məhsullara tez, bütün funksiyalara və bütün xidmətlərə tətbiq edəcəyik.”

Dünyada “Google”-un Android mobil platformasının ən böyük tərəfdaşı olan “Samsung”-un bu strategiyası, “Google”-un “OpenAI” və digər rəqiblərlə istehlakçıları öz süni intellekt modellərinə cəlb etmək uğrunda apardığı mübarizədə mövqelərini gücləndirəcək.

Samsung həm smartfon bazarında “Apple”-dan itirdiyi liderliyi geri qaytarmağı, həm də Çin rəqibləri ilə təkcə mobil telefonlarda deyil, televizorlar və məişət texnikası seqmentində də rəqabəti gücləndirməyi hədəfləyir. Bu sahələrin hamısı T.M. Roh-un nəzarəti altındadır.

Şirkət istehlak məhsulları üzrə inteqrasiya olunmuş süni intellekt xidmətləri təqdim etməklə “Apple”-ı bu sahədə qabaqlamağa çalışır. Bazar araşdırma şirkəti “Counterpoint”-in məlumatına görə, “Apple” ötən il ən böyük smartfon istehsalçısı olub.

“Google”-un ana şirkəti “Alphabet” noyabr ayında “Gemini 3” modelini təqdim edərək, onun bir sıra əsas sənaye göstəriciləri üzrə lider olduğunu vurğulayıb. Buna cavab olaraq, “OpenAI”-nin baş icraçı direktoru Sem Altman şirkət daxilində “kod qırmızı” rejimi elan edib, qeyri-əsas layihələri dayandıraraq resursları inkişafın sürətləndirilməsinə yönəldib. Bir neçə həftə sonra “GPT-5.2” modeli istifadəyə verilib.

Rohun sözlərinə görə, “Samsung”-un apardığı sorğular “Galaxy AI” brendinin tanınma səviyyəsinin cəmi bir il ərzində 30 faizdən 80 faizə yüksəldiyini göstərir:

“Hazırda süni intellekt texnologiyaları bir qədər şübhəli görünə bilər, lakin altı ay – bir il ərzində bu texnologiyalar xeyli daha geniş yayılacaq.”

Hazırda telefonlarda ən çox istifadə olunan süni intellekt funksiyası axtarışdır. Bununla yanaşı, istifadəçilər şəkillər üçün generativ redaktə alətləri, məhsuldarlıq tətbiqləri, tərcümə və xülasə funksiyalarından da geniş şəkildə yararlanırlar.

Qlobal yaddaş çipləri qıtlığı “Samsung”-un əsas gəlir mənbələrindən biri olan yarımkeçirici biznesi üçün müsbət amil olsa da, smartfon bölməsində mənfəət marjalarını azaldır.

Roh bildirib ki, bu vəziyyət istisnasız olaraq bütün şirkətlərə təsir edir:

“Bu böhran misilsizdir və heç bir şirkət onun təsirindən sığortalanmayıb.”

O, məhsul qiymətlərinin artırılmasını istisna etməyib və yaddaş çiplərinin bahalaşmasının müəyyən təsirinin “qaçılmaz” olduğunu qeyd edib. Bununla belə, “Samsung” tərəfdaşları ilə birlikdə uzunmüddətli strategiyalar üzərində işləyərək təsirləri minimuma endirməyə çalışır.

Bazar araşdırma şirkətləri “IDC” və “Counterpoint” növbəti il qlobal smartfon bazarının daralacağını proqnozlaşdırır. Səbəb kimi isə çip qıtlığı fonunda qiymətlərin artması göstərilir.

Roh həmçinin bildirib ki, “Samsung”-un 2019-cu ildə öncülük etdiyi qatlanan telefonlar bazarı gözləniləndən daha yavaş böyüyür. Buna baxmayaraq, o, bu seqmentin növbəti 2–3 il ərzində kütləvi bazara çıxacağını gözləyir.

“Counterpoint”-in məlumatına görə, “Samsung” 2025-ci ilin üçüncü rübündə qatlana bilən smartfon bazarının təxminən üçdə ikisinə nəzarət edib. Lakin şirkət “Huawei” kimi Çin istehsalçıları və bu il ilk qatlanan telefonunu təqdim etməsi gözlənilən “Apple” ilə rəqabət aparmalı olacaq.