Rusiyanın bir sıra regionlarında yanacaq qıtlığı fonunda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Rusiya regionlarında Aİ-92, Aİ-95 və dizel yanacağının satışında məhdudiyyətlər tətbiq olunur. Agentlik yazır ki, vəziyyət Ukraynanın Rusiya neft emalı müəssisələrinə hücumları nəticəsində tədarük zəncirində yaranan problemlərlə əlaqələndirilir.
Sosial şəbəkələrdə Oryol, Ufa, Ural və Sibir şəhərlərində yanacaqdoldurma məntəqələri qarşısında uzun avtomobil növbələrinin görüntüləri yayılıb. Bəzi videolarda sürücülərin gecə saat 3-4 radələrində belə yanacaq almaq üçün növbədə gözlədiyi görünür. Bu görüntülər müstəqil şəkildə tam təsdiqlənməsə də, Rusiyanın müxtəlif regionlarında yanacaqla bağlı məhdudiyyətlərin tətbiqi rəsmi və media mənbələri tərəfindən təsdiqlənir.
“Reuters” bildirir ki, Tver, Lipetsk, Tambov, Vladimir, Kaluga, Rostov, Saratov, Samara, İrkutsk, Novosibirsk, Omsk, Amur və Xabarovsk kimi regionlarda yanacaq satışına müxtəlif limitlər qoyulub. Bəzi bölgələrdə bir avtomobil üçün 20-60 litr arası limit tətbiq edilir, bəzi yerlərdə isə kanistrlərə yanacaq satışı məhdudlaşdırılıb.
Rusiyanın “Tatneft” şirkətinin yanacaqdoldurma məntəqələrində də satışa məhdudiyyətlər qoyulduğu bildirilir. “Reuters” “Interfax”a istinadən yazır ki, şirkət Rusiyadakı bütün məntəqələrində benzin və dizel satışını məhdudlaşdırıb, bəzi məntəqələrdə isə yalnız nağd ödəniş qəbul olunur.
Ufa şəhərində də vəziyyət gərgin olaraq qalır. Yerli “Prufy” nəşri yanacaqdoldurma məntəqələrində növbələr və qiymət artımı barədə yazıb. Nəşrin məlumatına görə, bəzi məntəqələrdə Aİ-100 benzininin qiyməti 90 rubldan yuxarı olub. “AIF Ufa” isə Başqırdıstanın sənaye qurumlarına istinadən növbələrin “artan tələbat”la izah edildiyini bildirib.
Bəzi regionlarda qiymətlər daha kəskin artıb. “Kavkaz-Uzel”in məlumatına görə, Mahaçqalada bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 120 rubla qədər yüksəlib. Mənbə yazır ki, sürücülər həm limitlərlə, həm də uzun növbələrlə üzləşirlər. Yanacaqdoldurma məntəqələrinin sahibləri isə qiymət artımını zavodlardan tədarükdəki problemlər və yanacağı vasitəçilərdən baha almaq məcburiyyəti ilə izah edirlər.
Ural və Sibir istiqamətində də oxşar problemlər qeydə alınır. Yekaterinburq mərkəzli “E1.ru” nəşri bəzi yanacaq növlərinin qıtlığı və qiymətlərin 100 rubla yaxınlaşması barədə məlumat yayıb. “Reuters” isə Sibir regionlarından İrkutskda yanacağın artıq əl rejimində bölüşdürüldüyünü, prioritetin fövqəladə xidmətlərə, ictimai nəqliyyata, kommunal sahəyə və kənd təsərrüfatına verildiyini yazır.
Rusiyanın işğalı altında olan Krımda vəziyyət daha ağırdır. “Reuters”in məlumatına görə, yerli Rusiya yönümlü administrasiya iqtisadi fövqəladə vəziyyət elan edib. Mənbə bildirir ki, Krımda yanacaq qıtlığı, qiymət artımı və uzun növbələr fonunda turizm fəaliyyəti və uşaq düşərgələri dayandırılıb, bəzi yerlərdə yanacaq satışı məhdudlaşdırılıb.
Rusiya hökuməti vəziyyəti sabitləşdirmək üçün bir sıra addımlar atır. “Reuters” yazır ki, Rusiya parlamenti yanacaq qıtlığının aradan qaldırılması üçün vergi qanunvericiliyində dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər yanacaq idxalına subsidiyalar və daxili bazarda təchizatı dəstəkləyən mexanizmləri əhatə edir.
Bundan başqa, “Reuters” mənbələrə istinadən Rusiyanın Qazaxıstandan benzin tədarükü istədiyini yazıb. Agentliyin məlumatına görə, Moskva daxili bazardakı çatışmazlığı azaltmaq üçün təxminən 50 min ton Aİ-92 benzininin idxalı imkanını müzakirə edir.
Eyni zamanda, Rusiya hakimiyyəti bəzi regionlarda növbələri panik alışlarla və logistika problemləri ilə izah edir. Lakin beynəlxalq mənbələr yanacaq böhranının əsas səbəblərindən biri kimi Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını göstərir. “Reuters”in hesablamalarına görə, 2026-cı ilin əvvəlindən Rusiya neft emalı müəssisələrinə dron hücumlarının sayı artıb və bu, benzin, dizel və aviasiya yanacağı istehsalında azalmaya səbəb olub.
Müşahidəçilər bildirirlər ki, yanacaq qıtlığı hələlik bütün Rusiya ərazisində eyni səviyyədə hiss olunmur. Böyük şəhərlərdə vəziyyət nisbətən nəzarətdə saxlanılsa da, regionlarda, xüsusilə Krım, Volqaboyu, Ural, Sibir və Uzaq Şərq istiqamətlərində məhdudiyyətlər daha ciddi xarakter alır.