Rusiyada Ukrayna Silahlı Qüvvələrinin ilhaq edilmiş Krıma mümkün desant əməliyyatı ilə bağlı ssenarinin modelləşdirildiyi komanda-qərargah hərbi oyunu keçirilib.
MSNews.az “The Insider”-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Muraxovski öz teleqram kanalında məlumat yayıb. O bildirib ki, “Krım oyanışı” adlı operativ komanda-qərargah hərbi oyunu Ukrayna qüvvələrinin Krıma mümkün desant çıxarması və bunun qarşısının alınması tədbirlərinə həsr olunub.
Muraxovskinin sözlərinə görə, ssenariyə uyğun olaraq qərargahlar Rusiya Silahlı Qüvvələrinin ehtiyatda və istefada olan zabitlərindən formalaşdırılıb. O qeyd edib ki, “mavi” tərəf ən yeni aşkarlama və məhvetmə vasitələrindən istifadə edərək qeyri-standart hərəkət edib, “qırmızı” tərəf isə müdafiə mövqeyindən çıxış etməyə məcbur qalıb.
“The Insider” yazır ki, Muraxovski paylaşımına Krım və Qara dənizin ətraf akvatoriyasını əks etdirən topoqrafik xəritə də əlavə edib. Nəşrin məlumatına görə, xəritə 1942-ci il koordinat sistemində — SK-42 formatında hazırlanıb və bu sistemin Rusiyanın güc strukturları üçün nəzərdə tutulan “Ravelin” adlı qrafik redaktorunda istifadə olunduğu ehtimal edilir.
Xəritədə Odessa və Qara dənizin şimal-qərb hissəsindən Krıma doğru yönələn çoxsaylı mavi oxlar, həmçinin Sevastopol, Şimali Krım, Şərqi Krım, Kerç və Kerç boğazı ətrafında qırmızı müdafiə mövqeləri görünür. “The Insider” qeyd edir ki, ssenari İkinci Dünya müharibəsi dövrünün klassik desant əməliyyatını deyil, pilotsuz uçuş aparatları, uzaqmənzilli yüksək dəqiqlikli silahlar, kəşfiyyat sistemləri və sürətli katerlərin tətbiqi ilə müasir əməliyyat modelini xatırladır.
“The Moscow Times” isə yazır ki, son dövrlərdə Ukrayna qüvvələri ilhaq edilmiş Krımda və ona bitişik ərazilərdə Rusiya hərbi logistikasına qarşı zərbələri artırıb. Bununla belə, Ukrayna tərəfinin Krıma desant əməliyyatı hazırladığı barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Məlumatlar açıq mənbələr və Muraxovskinin şəxsi paylaşımı əsasında yayılıb. Rusiya və Ukrayna rəsmiləri hələlik bu hərbi oyunla bağlı ayrıca rəsmi açıqlama verməyiblər.