Estoniya Rusiyanın qaz kəmərini bağlamağa hazırlaşır

Estoniyanın Baş naziri Kristen Mixal Rusiyanın Kalininqrad vilayətinə qaz nəqli üçün nəzərdə tutulan ehtiyat boru kəmərinin bağlanmasını təklif edib. Tallin Latviya ilə razılıq əldə olunmasa, tranziti milli sanksiyalar əsasında qadağan edə bilər.

30

Estoniya Rusiyanın Kalininqrad vilayətinə təbii qazın nəqli üçün istifadə edə biləcəyi ehtiyat boru kəmərini istismardan çıxarmağa hazırlaşır. Baş nazir Kristen Mixal bu məqsədlə Latviya ilə danışıqlar aparılmasını və zərurət yaranacağı təqdirdə Rusiya qazının tranzitinə milli sanksiyalar əsasında qadağa qoyulmasını təklif edib.

MSNews.az xəbər verir ki, bu barədə Estoniyanın “ERR” ictimai yayım qurumu “Eesti Ekspress” nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, Estoniya ərazisindən keçən və Rusiyanın Kalininqrad vilayətinin qaz təchizatında ehtiyat marşrut kimi istifadə oluna bilən boru kəməri indiyədək işlək vəziyyətdə saxlanılıb.

Söhbət diametri 70 santimetr olan iki boru xəttindən gedir. Onların Estoniyanın cənub-şərqindən keçən hissəsinin uzunluğu 22 kilometrdir və bu infrastruktur ölkənin enerji operatoru “Elering” şirkətinə məxsusdur.

Kəmər Rusiya ərazisindən başlayaraq Estoniya, Latviya və Litva üzərindən Kalininqrad vilayətinə uzanan ehtiyat qaz nəqli marşrutunun bir hissəsidir.

Məlumata əsasən, Rusiya bu marşrutdan Kalininqradın əsas qaz təchizatı sistemində problemlər yarandığı hallarda istifadə edə bilər. Xüsusilə Litva üzərindən keçən əsas qaz kəmərinin fəaliyyətində fasilələr yaranarsa və ya Kalininqraddakı üzən mayeləşdirilmiş təbii qaz terminalı işləməzsə, ehtiyat marşrutun əhəmiyyəti arta bilər.

Hazırda həmin boru kəməri vasitəsilə Kalininqrada faktiki qaz nəqli həyata keçirilmir. Bununla belə, Rusiya ehtiyac yarandıqda kəmərin ötürücülük imkanlarından istifadə etmək hüququnu saxlaya bilir. “Eesti Ekspress”in məlumatına görə, 2023-cü ilin iyulunda bu marşrutdan təxminən 0,5 teravatt-saat həcmində Rusiya qazı keçib. Oxşar həcmdə tranzit 2024-cü ilin payızında da qeydə alınıb.

Baş nazir Kristen Mixal qaz kəmərinin ehtiyat tranzit marşrutu kimi saxlanılmasına son qoymaq niyyətində olduğunu bildirib. Mixal energetika və ətraf mühit naziri Erkki Keldoya Latviya hökuməti ilə danışıqlar aparmaq tapşırığı verməyi planlaşdırır.

Məqsəd kəmərin bağlayıcı klapanının yerləşdiyi Latviya ilə razılıq əldə edərək boru xəttinin gələcəkdə Rusiya qazının tranziti üçün yenidən açılmasının qarşısını almaqdır.

Estoniya hökumətinin başçısı Latviya ilə razılaşmanın mümkün olmayacağı təqdirdə alternativ addımların atılmasını da istisna etmir. Onun sözlərinə görə, belə bir vəziyyətdə Estoniya milli sanksiyalar tətbiq etməklə Rusiya qazının tranzitini tam qadağan edə bilər.

Estoniyanın energetika və ətraf mühit naziri Erkki Keldo kəmərin bağlanmasının Moskva tərəfindən siyasi və informasiya məqsədləri üçün istifadə oluna biləcəyini də bildirib. Onun fikrincə, Rusiya belə bir qərarı Baltikyanı ölkələrə qarşı informasiya kampaniyalarında gündəmə gətirə bilər. Nazir Latviya ilə mümkün razılaşmanın bu ölkədə yeni hökumətin formalaşmasından sonra əldə oluna biləcəyini qeyd edib.

Qeyd edək ki, Estoniya 2022-ci ilin payızında Rusiya qazının idxalını qadağan edib. Lakin bu qərar Kalininqrada tranzit üçün nəzərdə tutulan ehtiyat boru kəmərinin tamamilə istismardan çıxarılması ilə nəticələnməyib.

Hazırda sözügedən kəmərin bağlanması barədə yekun qərar qəbul olunmayıb. Estoniya hökuməti ilk növbədə Latviya ilə razılaşma əldə etmək istəyir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.