Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirib ki, Rusiya Federasiyası cəbhədə artan itkilər və könüllü hərbi xidmətə qəbulun zəifləməsi fonunda gizli səfərbərlik sxemlərini aktivləşdirir.
Analitiklərin məlumatına görə, regional hakimiyyət orqanları Müdafiə Nazirliyi ilə müqavilə bağlanması üçün orta və iri biznes strukturlarını prosesə cəlb etməyə başlayıb. Bu çərçivədə müəssisələr faktiki olaraq işçilər arasından seçim edərək onları hərbi xidmətə yönləndirməyə təşviq olunur.
ISW xüsusilə Ryazan vilayəti qubernatorunun sərəncamına diqqət çəkir. Sənədə əsasən, işçi sayı 150-dən 500-ə qədər olan müəssisələr 2–5 əməkdaşını Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq üçün müəyyən etməlidir.
Ekspertlərin fikrincə, bu yanaşma Kremlə açıq şəkildə yeni səfərbərlik dalğası elan etmədən insan resurslarını artırmağa imkan verir. Eyni zamanda məsuliyyətin bir hissəsi regional idarəetmə strukturları və işəgötürənlərin üzərinə yönəldilir.