Rusiyanın ən böyük nəşriyyatlarından biri olan “Eksmo”-nun bir neçə əməkdaşı “LGBT təbliğatı” ilə bağlı açılmış cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Rusiya İstintaq Komitəsi tərəfindən Moskva ofisində aparılan yoxlamalar fonunda nəşriyyatın baş direktoru Yevgeni Kapiyev də daxil olmaqla dörd əməkdaş ifadə vermək üçün çağırılıb. Şirkət isə bildirib ki, ofisdə hər hansı rəsmi axtarış aparılmayıb və kitabların müsadirəsi baş verməyib.
“Eksmo”-nun açıqlamasına əsasən, araşdırma 2023-cü ildə şirkət tərəfindən alınmış, lakin sonradan fəaliyyətini dayandırmış “Popcorn Books” nəşriyyatının çap etdiyi bəzi kitablarla bağlıdır. Həmin nəşriyyat gənclər üçün nəzərdə tutulmuş və LGBT mövzularını əhatə edən əsərlərin yayımlanması ilə tanınırdı.
Şirkət bildirib ki, cinayət işi 2025-ci ilin mayında başlanıb və sözügedən kitabların “LGBT təbliğatı əlamətləri” daşıdığı iddia olunur. Eyni zamanda, bağlanma mərhələsində olan “Popcorn Books”-un bəzi kitablarının rəsmi qeydiyyat olmadan satışa çıxarıldığı da ittihamlar sırasındadır.
Rusiyada son illərdə LGBT mövzularına qarşı qanunvericilik xeyli sərtləşdirilib. Hakimiyyət “LGBT hərəkatını” ekstremist təşkilat kimi tanıyıb və bu mövzuda məzmun yayan şirkətlərə qarşı cərimələr və hüquqi tədbirlər tətbiq olunur. Bu siyasət Prezident Vladimir Putin tərəfindən ölkənin “ənənəvi dəyərlərinin qorunması” kimi təqdim edilir.
Analitiklər qeyd edir ki, “Eksmo” ilə bağlı son hadisə Rusiyada nəşriyyat və media sektorunda senzura və hüquqi təzyiqlərin daha da gücləndiyini göstərir.