Ukraynanın Müstəqil Antikorrupsiya Komissiyası (NAKO) Rusiyanın Qərb texnologiyalarına çıxış üçün maraqlı təchizat sxemlərindən istifadə etdiyini açıqlayıb. Araşdırmada “ağıllı” seks-oyuncaqları istehsalçısı kimi tanınan Çin şirkəti “Shenzhen NuanQin Technology”-nin Rusiyaya inteqral sxemlər və elektrik mühərrikləri göndərdiyi göstərilir.
MSNews.az xəbər verir ki, NAKO minlərlə xarici təchizatçının ünvanını və Rusiya gömrük sənədlərini təhlil edib. Araşdırmada sanksiyalar və ya ixrac nəzarəti ilə əlaqəli şirkətlərin istifadə etdiyi 200-dən çox ünvan, həmin ünvanlardan istifadə edən isə 450-dən çox təchizatçı aşkarlanıb.
Ən diqqətçəkən nümunələrdən biri “Shenzhen NuanQin Technology”-dir. Şirkət özünü “ağıllı” böyüklər üçün məhsullar istehsalçısı kimi təqdim etsə də, gömrük sənədlərinə görə, 2023-cü ilin yanvarından 2025-ci ilin fevralınadək Rusiyanın “Legion Komplekt” şirkətinə 30 tədarük həyata keçirib. Onların ümumi bəyan edilmiş dəyəri təxminən 425,9 min dollar olub.
Sənədlərdə bir partiyada 10 min sənaye təyinatlı monolit inteqral sxemin göndərildiyi göstərilir. Həmçinin şirkətin göndərdiyi elektrik mühərriklərinin ümumi dəyərinin 176 min dolları keçdiyi bildirilir.
Bu tip komponentlər sənaye sistemlərində, elektron avadanlıqlarda və bəzi hallarda PUA, naviqasiya və digər ikili təyinatlı texnologiyalarda istifadə oluna bilər. Bununla belə, gömrük sənədlərinin mövcudluğu konkret partiyaların birbaşa hərbi istehsala getdiyini avtomatik olaraq sübut etmir.
NAKO-nun araşdırmasının əsas nəticəsi odur ki, sanksiyalar çox vaxt konkret hüquqi şəxslərə tətbiq olunur, amma həmin şirkətlərin istifadə etdiyi ofislər, biznes mərkəzləri və korporativ xidmət ünvanları dəyişməyə bilər. Buna görə eyni infrastruktur üzərindən yeni hüquqi şəxslər vasitəsilə tədarük zənciri davam etdirilə bilər.
Araşdırma həmçinin Çin və Honq Konqun Rusiyaya Qərb mənşəli mikroelektronikanın daxil olduğu əsas tranzit marşrutlarından biri olaraq qaldığını göstərir. NAKO hesab edir ki, sanksiya siyasətində yalnız şirkət adlarının deyil, onların istifadə etdiyi ünvanların və əlaqəli infrastrukturların da izlənməsi vacibdir.