Rusiya dronlarına “Yura Unitaz” rəhbərlik edəcək

"BBC Rus" xidməti yazır ki, hərbi təhsili olmayan biznesmen Yuri Vaqanov Rusiyada yeni yaradılan pilotsuz sistemlər qoşunlarının komandiri təyin edilib. Təyinat "z-blogerlər" arasında narazılıq doğurub.

63

“BBC Rus” Xidmətinin araşdırmasına görə, Rusiyada yeni yaradılan pilotsuz sistemlər qoşunlarının rəhbəri kimi Yuri Vaqanov adlı biznesmen və könüllünün təyin edildiyi iddia olunur. Hərbi təhsili olmayan Vaqanovun adı rəsmi olaraq açıqlanmasa da, Rusiya ordusuna yaxın “z-blogerlər” və dron sənayesindəki mənbələr bu təyinatın baş verdiyini bildirirlər.

2025-ci ilin noyabrında Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibə fonunda pilotsuz sistemlər qoşunlarının yaradıldığını elan edib. Bu qoşunlar Müdafiə Nazirliyi tərəfindən prioritet istiqamət kimi təqdim olunsa da, indiyədək onların strukturu və rəhbərliyi ilə bağlı detallı məlumat verilməmişdi. Dövlət mediası noyabrın 12-də formalaşmanın başa çatdığını yazsa da, komandirin kimliyi açıqlanmamışdı.

“BBC”-nin məlumatına görə, komandir postuna iddia edilən Yuri Vaqanov Moskva vilayətinin Elektrostal şəhərindən olan sahibkardır. O, Rusiya hərbi dairələrində “Yura Unitaz” ləqəbi ilə tanınır. Bu adın səbəbi, müharibədən əvvəl santexnika ticarəti ilə məşğul olmasıdır. “Z-blogerlər” onun hərbi təhsili olmadan belə strateji vəzifəyə gətirilməsini kəskin tənqid edirlər.

Rusiyalı hərbi ekspert və “z-bloger” Maksim Klimov bildirib ki, Vaqanov FPV-dronların tədarükündə faktiki monopoliyaya sahib olub və bu, orduda ciddi narazılıq yaradıb. Digər “z-blogerlər” isə bu təyinatı “hərbi doktrina deyil, kommersiya maraqları üzərində qurulmuş qərar” adlandırırlar.

“BBC”-yə danışan dron istehsalı sahəsindəki anonim mənbələr qeyd edirlər ki, Vaqanov “Sudoplatov batalyonu” bazasında FPV-dronların istehsalını təşkil edib və bu qurum Rusiyada ən böyük dron təchizatçılarından birinə çevrilib. Analitiklər bu strukturun “xeyriyyə ianələri” adı altında yaxşı maliyyələşdirildiyini və güclü himayədarlara malik olduğunu vurğulayırlar.

Müqayisə üçün qeyd olunur ki, Ukraynada pilotsuz sistemlər qoşunları hələ 2024-cü ilin fevralında yaradılıb və onlara “Madjar” ləqəbi ilə tanınan Robert Brovdi rəhbərlik edir. Brovdi dörd il ərzində kiçik bölmə komandirindən ayrıca qoşun növünün rəhbərinə qədər yüksəlib və Ukrayna Qəhrəmanı adına layiq görülüb.

Yuri Vaqanov 1982-ci ildə Xankəndidə anadan olub. Müharibədən əvvəl müxtəlif sahələrdə – tikinti materialları, daşınmaz əmlak və kənd təsərrüfatı ilə bağlı şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra separatçı Donetsk və Luqansk bölgələrinə humanitar yardımlar aparıb və dövlətə yaxın media tərəfindən “könüllü sahibkar” kimi təqdim olunub.

2025-ci ilin oktyabrında Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirill Vaqanovu III dərəcəli Dmitri Donskoy ordeni ilə təltif edib. Təqdimat zamanı o, artıq Müdafiə nazirinin müavini yanında müşavir və polkovnik-leytenant kimi təqdim olunub.

Əgər Yuri Vaqanovun pilotsuz sistemlər qoşunlarının komandanı təyin edilməsi rəsmi şəkildə təsdiqlənərsə, o, ayrıca qoşun növünün rəhbəri statusu ilə general rütbəsi də ala bilər. “BBC” Yuri Vaqanovdan bu iddialarla bağlı şərh istəyib, lakin hələlik cavab almayıb.