ABŞ dövlət katibi Marko Rubionun gələn həftə İsrailə səfər edəcəyi açıqlanıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, səfər 2–3 mart 2026-cı il tarixlərində baş tutacaq.
Qurumun sözçü müavini Tommi Piqottnun yazılı bəyanatında bildirilir ki, Rubio İsraildə İran, Livan və ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik sülh planının icrası istiqamətində davam edən səylər daxil olmaqla bir sıra regional prioritetləri müzakirə edəcək.
Səfər ABŞ-nin İranla nüvə danışıqlarını davam etdirdiyi və eyni zamanda mümkün hərbi variantları qiymətləndirdiyi bir dövrə təsadüf edir. Məlumata görə, Rubio İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşərək İranla davam edən nüvə müzakirələri və Vaşinqtonun mümkün hərbi planları barədə fikir mübadiləsi aparacaq.
Xatırladaq ki, ABŞ ilə İran arasında nüvə danışıqlarının üçüncü raundu İsveçrənin Cenevrə şəhərində keçirilib. Bununla yanaşı, ABŞ ordusunun İranla bağlı artan gərginlik fonunda regionda hərbi mövcudluğunu gücləndirdiyi bildirilir.