Ronald Kuman istefa verdi

Ronald Kuman DÇ-2026-nın 1/16 finalında Mərakeşə məğlubiyyətdən sonra Niderland millisinin baş məşqçisi postunu tərk edib.

14

Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

MSNews.az xəbər verir ki, qərar Niderlandın 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Mərakeşə məğlub olmasından sonra açıqlanıb.

“Reuters”in məlumatına görə, Kuman komandanın erkən mübarizəni dayandırmasından sonra istefa qərarı verdiyini bildirib.

Niderland millisi Mərakeşlə oyunda əsas vaxt və əlavə hissələri 1:1 hesabı ilə başa vurub. Penaltilər seriyasında isə Mərakeş 3:2 hesabı ilə üstün olub və növbəti mərhələyə yüksəlib.

“The Guardian” yazır ki, Kuman açıqlamasında komandanın mundialda tarix yazmaq istədiyini, lakin bu hədəfə çata bilmədiyini bildirib.

“Biz uğursuz olduq. Məsuliyyət mənim üzərimdədir”, – Kuman qeyd edib.

“NL Times”ın məlumatına görə, Kuman qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, Niderland millisində işləməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Kumanın ikinci dönəmi 2023-cü ildə başlamışdı. O, Qətərdə keçirilən 2022-ci il dünya çempionatından sonra Niderland millisinin baş məşqçisi təyin olunmuşdu.

Bundan əvvəl Kuman 2018–2020-ci illərdə də Niderland millisini çalışdırmışdı. Daha sonra o, “Barselona”ya rəhbərlik etmişdi.

Niderland DÇ-2026-da “F” qrupunu lider kimi tamamlamışdı. Lakin pley-offun ilk mərhələsində Mərakeş qarşısında dayanaraq turnirlə vidalaşıb.

“Sky Sports” qeyd edir ki, bu, Niderland millisinin dünya çempionatlarında ən erkən pley-off uğursuzluqlarından biri kimi qiymətləndirilir.

Niderland Futbol Federasiyasının texniki direktoru Naycel de Yonq komandanın mundial çıxışını məyusedici adlandırıb. Onun sözlərinə görə, komanda turnirdə daha irəli getməyi hədəfləyirdi.

Kumanın istefasından sonra Niderland millisinin yeni baş məşqçisinin kim olacağı hələlik açıqlanmayıb.