Niderlandın Rijksmuseum muzeyi uzun illər itkin sayılan bir əsərin həqiqətən Rembrandt van Rijn tərəfindən çəkildiyini rəsmən təsdiqləyib. “Vision of Zacharias in the Temple” (“Zəkəriyyənin məbəddə vəhyi”) adlı tablo çərşənbə günündən etibarən onilliklərdən sonra ilk dəfə ictimaiyyətə təqdim olunacaq.
Araşdırma iki il davam edib. Muzey mütəxəssisləri əsəri Rembrandtın eyni dövrə aid digər işləri ilə müqayisə edərək material analizi, üslub xüsusiyyətləri və imzanın autentikliyini yoxlayıblar. Dendroxronoloji testlər – yəni taxtanın yaşını müəyyən edən analiz – tablonun 1633-cü ilə aid olduğunu təsdiqləyib. Həmin vaxt Rembrandt 20 yaşlarının sonlarında idi və Amsterdamda fəaliyyət göstərməyə yeni başlamışdı.
Əsər Bibliyadakı səhnəni təsvir edir: baş kahin Zəkəriyyə baş mələk Cəbraildən (tablodakı işıq effekti ilə simvolizə olunur) həyat yoldaşı ilə birlikdə yaşlı olmasına baxmayaraq bir oğul – gələcəkdə Vəftizçi Yəhyanı dünyaya gətirəcəkləri xəbərini alır. Rembrandt mələyi birbaşa çəkməyib, onun varlığını sağ yuxarı küncdən daxil olan güclü işıqla ifadə edib.
Muzeyin bərpa üzrə mütəxəssisi Petria Noble qalın boya qatları ilə yaradılan işıq effektinin – impasto texnikasının – Rembrandt üslubuna xas olduğunu bildirib. Əsər 1960-cı ilə qədər Rembrandta aid hesab edilsə də, daha sonra müəllif siyahısından çıxarılmışdı. O dövrdə istifadə edilən analiz metodlarının indiki qədər inkişaf etmədiyi vurğulanır.
Tablonun hazırkı sahibi onu 1961-ci ildə alan atasından miras alıb və əsər uzun müddət ictimaiyyətdən uzaq qalıb. Muzey rəhbərliyi rəsmi olaraq dəyər açıqlamasa da, əsərin sığorta məbləğinin əhəmiyyətli dərəcədə artacağı qeyd olunub.
Rijksmuseum direktoru Tako Dibbits bildirib ki, bu kəşf gənc Rembrandtın yaradıcılığını daha dərindən anlamaq üçün mühüm fürsətdir və tablo onun hekayələri təqdim etmə tərzinin gözəl nümunəsidir.