Əslən azərbaycanlı olan rusiyalı repçi David Nuriyev, səhnə adı ilə “Ptaha”, Moskvada fəaliyyət göstərən “Müqəddəs Qraal” №67 mason lojasının 2026–2027-ci illər üçün Möhtərəm Ustadı seçilib. Bu barədə məlumat Rusiya Böyük Lojasının sosial şəbəkə hesablarında yayımlanıb. Paylaşımda bildirilir ki, qərar 2026-cı il mayın 7-də Moskvada keçirilən növbəti aylıq toplantı zamanı yekdilliklə qəbul olunub.
Rusiya mediası da hadisəni işıqlandırıb. Lenta.ru yazır ki, David Nuriyev mason lojasında yüksək titul alıb və “Möhtərəm Ustad” kimi installasiya olunub. Nəşrin məlumatına görə, qərar lojanın üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Gazeta.ru isə qeyd edir ki, “Ptaha” bu vəzifəyə seçilməklə mason lojasında yüksək status qazanıb. Nəşr Rusiya Böyük Lojasının ölkədə rəsmi fəaliyyət göstərən mason təşkilatı olduğunu və qurumun öz fəaliyyətini əsasən maarifçilik və xeyriyyəçilik istiqamətində təqdim etdiyini yazır.
SOTA layihəsinin məlumatına görə, titul Ptahaya “Müqəddəs Qraal” lojasında verilib. Nəşr mərasimdə Rusiya Böyük Lojasına uzun illərdir rəhbərlik edən siyasi texnoloq Andrey Boqdanovun iştirak etdiyini də qeyd edib.
Mason ənənəsində “Möhtərəm Ustad” loja daxilində rəhbər vəzifə sayılır və adətən müəyyən müddət üçün seçilir. David Nuriyevin yeni statusu 2026–2027-ci illəri əhatə edəcək.