Rəngləri niyə hamımız eyni cür görmürük?

İnsan gözü milyonlarla rəngi ayırd edə bilir, amma hər kəs onları eyni şəkildə qəbul etmir. Rəng qavrayışına beyin, dil, mədəniyyət və sinesteziya kimi amillər təsir göstərir.

47

Rənglər bizə ilk baxışda sadə və dəyişməz görünə bilər. Halbuki insanın rəngi necə görməsi yalnız gözlə deyil, beyin, dil, mədəniyyət və yaşadığı mühitlə də sıx bağlıdır. Məhz buna görə eyni rəng müxtəlif insanlar və cəmiyyətlər tərəfindən fərqli şəkildə qəbul oluna bilər.

Rəngləri hamımız eyni cür görmürük

İnsan gözü fiziki olaraq milyonlarla rəngi ayırd edə bilir. Lakin hər birimiz bu rəngləri eyni şəkildə qəbul etmirik. Buna təkcə rəng korluğu kimi fiziki fərqlər deyil, beynimizin gördüklərimizi necə emal etməsi də təsir göstərir.

Əslində, rəng qavrayışı yalnız gözlə deyil, daha çox beyinlə bağlıdır. Yəni biz rəngi sadəcə “görmürük”, onu eyni zamanda şərh edirik. Bunun maraqlı nümunələrindən biri sinesteziyadır. Sinesteziya iki və ya daha çox fərqli hissiyyat sahəsinin bir-biri ilə birləşməsi deməkdir. Məsələn, bəzi insanlar rəqəmləri və hərfləri müəyyən rənglərlə əlaqələndirirlər. Başqa sözlə, bir hiss orqanından gələn qıcıq yalnız ona cavabdeh olan beyin sahəsində deyil, başqa bir hiss sahəsi ilə əlaqəli beyin bölgəsində də qavranılır. Bu cür qavrayışa malik şəxslər sinestetiklər adlanır.

Rəng qavrayışının başqa bir maraqlı nümunəsi Adelsonun damalı-kölgə illüziyasıdır. Bu illüziyada A və B kimi işarələnmiş iki kvadrat əslində eyni rəngdə olsa da, beyin onları fərqli rənglər kimi qəbul edir. Bu da göstərir ki, rəngin necə görünməsi yalnız onun fiziki xüsusiyyətindən deyil, yerləşdiyi kontekstdən də asılıdır.

Mədəniyyət və rənglər

Doğulduğumuz gündən etibarən əşyaları, rəngləri və duyğuları dil vasitəsilə kateqoriyalara ayırmağı öyrənirik. Baxmayaraq ki, gözümüz milyonlarla rəngi seçə bilir, gündəlik həyatda onları müəyyən anlayışlar və adlarla qruplaşdırırıq. Məsələn, rəssamlar və moda mütəxəssisləri rəngləri adi insanlardan daha fərqli və daha incə terminlərlə ifadə edə bilirlər.

Bu fərqlilik müxtəlif dillərdə və mədəniyyətlərdə daha aydın görünür. Məsələn, Papua Yeni Qvineyada danışılan Dani dili və Qərbi Afrikada yayılmış Bassa dili kimi bəzi dillərdə rənglər əsasən iki böyük kateqoriyada ifadə olunur: tünd və açıq. Tünd rənglərə qara, mavi və yaşıl; açıq rənglərə isə qırmızı, ağ, narıncı və sarı daxildir. Bu bölgüdə tünd rənglər soyuqluq, açıq rənglər isə istilik hissi ilə əlaqələndirilir.

Avstraliyanın şimalında yaşayan bəzi aborigen qruplarında isə “rəng” anlayışını ifadə edən ayrıca söz belə yoxdur. Belə dillərdə rənglər daha çox toxunma hissi, fiziki xüsusiyyət və ya funksional məqsədlərlə izah edilir.

Beş təməl rəng anlayışı

Maraqlıdır ki, dünya dillərinin böyük əksəriyyətində beş əsas rəng anlayışı formalaşıb. Namibiyada yaşayan Himba xalqı və Papua Yeni Qvineyada yaşayan Berinmo icması bu baxımdan maraqlı nümunələrdir. Onların dilində tünd, açıq və qırmızı ilə yanaşı, bizim sarı kimi tanıdığımız rəng üçün ayrıca termin, həmçinin mavi və yaşılı birlikdə ifadə edən bir anlayış mövcuddur. Yəni bəzi dillərdə mavi və yaşıl ayrıca rənglər kimi deyil, vahid bir kateqoriya kimi qəbul edilir.

Bu xüsusiyyət yalnız uzaq xalqlara aid deyil. Bəzi başqa dillərdə də mavi və yaşıl arasında sərhəd bizim düşündüyümüz qədər kəskin deyil. Bu isə göstərir ki, rənglərin necə adlandırılması və necə qavranılması arasında sıx əlaqə var.

Dil və rəng qavrayışı

Rəngləri qavrama biçimimiz həyat boyu dəyişə də bilər. Məsələn, yunan dilində açıq mavi və tünd mavi üçün iki ayrı anlayış var: “ghalazio” və “ble”. Araşdırmalar göstərib ki, İngiltərədə uzun müddət yaşayan yunanlar zaman keçdikcə bu iki tonu daha bənzər şəkildə qəbul etməyə başlayıblar və onları ümumi şəkildə “blue” kimi düşünməyə meyl göstəriblər.

Bu fakt mühüm bir nəticəyə gətirir: insan beyni yaşadığı mühitin dil və düşüncə sisteminə uyğunlaşır. Yəni rəngləri necə gördüyümüz təkcə biologiyamızdan deyil, danışdığımız dildən, daxil olduğumuz mədəniyyətdən və yaşadığımız mühitdən də asılıdır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930