Qvatemalada gölün dibində qədim maya yaşayış məskəni tapıldı

Qvatemaladakı Atitlan krater gölünün dibində qədim maya yaşayış məskəni tapılıb. Arxeoloqlar platformalar, ev bünövrələri və abidələr aşkarlayıblar.

Qvatemalada yerləşən Atitlan krater gölünün dibində qədim maya sivilizasiyasına aid toxunulmamış yaşayış məskəni aşkar edilib. Arxeoloqların bildirdiyinə görə, yaşayış sahəsi vulkan püskürməsindən sonra su altında qalıb və əsrlər boyu demək olar ki, bütöv vəziyyətdə qorunub saxlanılıb.

Məlumata əsasən, tapıntı gölün təxminən 15 metr dərinliyində yerləşir. Sualtı araşdırmalar zamanı platformalar, evlərin bünövrələri və müxtəlif daş abidələr müəyyən edilib.

Tədqiqatçılar bu yaşayış məskənini eramızdan əvvəl 350-ci illə eramızın 250-ci illəri arasındakı dövrə aid edirlər. Bu isə tapıntının Mesoamerika tarixinin erkən mərhələlərinə aid mühüm arxeoloji obyekt olduğunu göstərir.

Mütəxəssislər hesab edirlər ki, aşkarlanan kənd təkcə ayrıca yaşayış sahəsi deyil, eyni zamanda gölün dərinliklərində gizlənən daha böyük batmış şəhərlər şəbəkəsinin bir hissəsi ola bilər.

Atitlan gölü Qvatemalanın ən məşhur təbii məkanlarından biri hesab olunur və ətraf ərazi qədim maya mədəniyyəti ilə zəngindir. Yeni tapıntının regionun tarixi və qədim şəhərsalma sistemi haqqında mühüm məlumatlar verəcəyi gözlənilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
18 may 2026