Pep Qvardiolanın 2024-cü ildə “Mançester Siti” futbolçularını motivasiya etmək üçün şəxsi həyatındakı böhrandan — həyat yoldaşı Kristina Serra ilə ayrılığından danışdığı emosional paltardəyişmə otağı çıxışı üzə çıxıb.
MSNews.az xəbər verir ki, həmin kadrlar Qvardiolanın “Mançester Siti”dəki son illərindən bəhs edən “A Beautiful Obsession” sənədli serialında yer alıb. “The Guardian” bildirir ki, çıxış 11 dekabr 2024-cü ildə Çempionlar Liqasında “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra baş verib. Bu, “Siti”nin həmin dövrdə keçirdiyi 10 oyunda yeddinci məğlubiyyəti idi.

Qvardiola futbolçulara həyat yoldaşını hələ də sevdiyini, lakin münasibətlərində “ehtirasın itdiyini” deyib və bunu komandanın oyununa paralel aparıb. O, oyunçulardan meydana sadəcə peşə borcunu yerinə yetirmək üçün deyil, daxili istək və ehtirasla çıxmalarını tələb edib. “El País” çıxışın əsas mesajını belə təqdim edir: “Mənə yaxşı futbolçular lazım deyil, mənə ehtiraslı futbolçular lazımdır”.
Sənədli filmdə Qvardiolanın yaxın köməkçisi Manel Estiarte də həmin dövrdə məşqçinin şəxsi həyatındakı problemlərin onun emosional vəziyyətinə təsir etdiyini bildirib. Estiartenin sözlərinə görə, futbolçular Qvardiolanın narahat və fərqli davrandığını görürdülər və komandanın baş məşqçinin də şəxsi çətinliklər yaşayan insan olduğunu anlaması vacib idi.
Qvardiola və Kristina Serra təxminən 30 il birlikdə olub və 2014-cü ildə evləniblər. Cütlüyün ayrılması barədə məlumat 2025-ci ilin yanvarında ictimailəşsə də, “El País” qərarın hələ 2024-cü ilin dekabrında verildiyini yazır.
“A Beautiful Obsession” dörd hissədən ibarətdir və Qvardiolanın “Mançester Siti”dəki son iki mövsümünü, komandanın uğursuz nəticələrini, futbolçularla gərgin söhbətləri və məşqçinin şəxsi həyatındakı çətinlikləri əks etdirir. Serial avqustun 19-da “Prime Video”da yayımlanır.