Qubada “Pink Power Fest” layihəsinin bağlanışı keçirildi

Quba rayonunda “Pink Power Fest – qız şagirdlərin idman festivalı” layihəsinin bağlanış tədbiri keçirilib. Layihə çərçivəsində 20 məktəbdən 196 qız şagird idman yarışlarına cəlb olunub.

126

Quba rayonunda həyata keçirilən “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsinin bağlanış tədbiri təşkil olunub. Tədbir Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə baş tutub.

Bağlanış mərasimində layihə rəhbəri Kamran Əlimərdanov, layihənin ekspert və hakimləri, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı, yarışların keçirildiyi ümumtəhsil məktəblərinin direktorları, eləcə də, fiziki tərbiyə müəllimləri iştirak ediblər. Tədbir çərçivəsində əvvəlcə layihə müddətində görülən işləri əks etdirən qısa videoicmal nümayiş olunub.

Çıxış edən layihə rəhbəri Kamran Əlimərdanov üç ay davam edən layihənin əhəmiyyətindən danışaraq, təşəbbüsün həyata keçirilməsinə dəstək verən şəxslərə və aidiyyəti qurumlara təşəkkürünü bildirib. Layihənin eksperti Ramin Mahmudov isə qeyd edib ki, qız şagirdlər arasında sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması baxımından bu tip layihələrin davamlı təşkili böyük əhəmiyyət daşıyır.

Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Nərmin Bilalova çıxışında belə təşəbbüslərin şagirdlərin asudə vaxtının səmərəli təşkilinə xidmət etdiyini vurğulayıb. O, təhsilverənlərə bu cür müsabiqə və layihələrdə daha fəal iştirak etməyi tövsiyə edib.

Tədbirdə çıxış edən məktəb rəhbərləri və müəllimlər layihənin uğurla həyata keçirilməsini yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, “Pink Power Fest” nəticəsində məktəblərdə qız şagirdlərin idmana marağı artıb və bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsi vacibdir.

Mərasimin sonunda layihədə iştirak edən bütün ümumtəhsil müəssisələrinin rəhbərləri və fiziki tərbiyə müəllimləri təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, “Pink Power Fest” layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunub. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsinin təşviqi olub. Layihə çərçivəsində basketbol, futzal, voleybol və şən startlar üzrə yarışlar keçirilib. Ümumilikdə 20 ümumtəhsil məktəbindən 196 qız şagird layihəyə cəlb olunub.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.