Qubada “Pink Power Fest” layihəsi çərçivəsində qızlar arasında basketbol turniri keçirilib

Quba rayonunda “Pink Power Fest” layihəsi çərçivəsində 8 məktəbdən 64 qız şagirdin iştirakı ilə basketbol turniri təşkil olunub.

209

Quba rayonunda qız şagirdlərin idmana cəlb olunmasını təşviq etmək məqsədilə “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində basketbol turniri təşkil olunub.

MSNews.az xəbər verir ki, turnirdə Quba rayonunun 8 ümumtəhsil məktəbinin VII–IX siniflərində təhsil alan ümumilikdə 64 qız şagird iştirak edib. Yarış Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilib.

Turnirin ¼ final mərhələsində Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin basketbolçuları Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasını 5:4 hesabı ilə məğlub edib. Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Bəhram Sultanov adına Ağbil kənd tam orta ümumtəhsil məktəbinin komandasına 14:6 hesabı ilə qalib gəlib. Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasını 10:0 hesabı ilə məğlub edib. Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin qız basketbolçuları isə Quba rayonu Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasına 11:2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıblar.

Yarımfinal mərhələsində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin basketbolçularını 8:0 hesabı ilə məğlub edib. Digər oyunda isə Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin basketbolçularına 9:4 hesabı ilə qalib gələrək finala yüksəlib.

Final qarşılaşmasında Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandasını 28:7 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Üçüncü yer uğrunda keçirilən oyunda isə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin basketbolçularına 15:2 hesabı ilə qalib gələrək bürünc mükafata sahib çıxıb.

Turnirin sonunda qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, “Pink Power Fest” qrant layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb olunmasının təşviq edilməsidir.