Qitələr birləşəcək: Gələcəkdə yaşamaq üçün yalnız bir neçə region qalacaq

Elm adamlarının proqnozlarına görə, milyonlarla il sonra qitələr birləşərək super qitə yarada bilər. Bu halda ekstremal iqlim səbəbindən insanların yaşaması üçün cəmi bir neçə region əlverişli qalacaq.

82

Elm adamlarının apardığı uzunmüddətli geoloji modelləşdirmələrə görə, milyonlarla il sonra Yer kürəsində qitələrin mövcud düzəni tamamilə dəyişə bilər. Alimlərin proqnozlarında bildirilir ki, hazırda bir-birindən uzaq olan qitələr zamanla hərəkət edərək yenidən birləşə və nəhəng bir “super qitə” yarada bilər.

Bu ehtimal elmi ədəbiyyatda “Pangeya Ultima” və ya “Pangeya Proksima” adlandırılır.

Araşdırmalara əsasən, Afrika, Avropa, Asiya və Amerika qitələri tədricən bir-birinə yaxınlaşaraq Atlantik okeanının bağlanmasına səbəb ola bilər. Eyni zamanda Avstraliyanın şimal istiqamətində hərəkət edərək Asiya ilə birləşəcəyi, Antarktidanın isə mövqeyini dəyişərək digər qitələrə yaxınlaşacağı ehtimal olunur. Bu proseslər Yer qabığının hərəkəti nəticəsində milyonlarla il ərzində baş verəcək.

Alimlər bildirir ki, belə bir super qitənin yaranması qlobal iqlimə son dərəcə ciddi təsir göstərəcək. Qitənin mərkəzi hissələrində temperaturun 50 dərəcədən yuxarı qalxacağı, güclü quraqlıq və ekstremal iqlim şəraitinin hökm sürəcəyi gözlənilir. Bu səbəbdən Yer üzündə insanların yaşaması üçün əlverişli ərazilərin sayı kəskin şəkildə azalacaq.

Elmi ssenarilərə görə, yalnız qütblərə yaxın, daha sərin iqlimə malik bölgələr uzun müddət yaşayış üçün uyğun qala bilər. Proqnozlarda indiki Rusiya ərazisinin şimal hissələri və Almaniyanın şimal-qərb bölgələri bu baxımdan daha əlverişli zonalar kimi göstərilir. Digər ərazilərin isə ekstremal istilər səbəbindən demək olar ki, yaşayış üçün yararsız hala gələcəyi bildirilir.

Mütəxəssislər vurğulayır ki, bu proqnozlar nəzəri xarakter daşıyır və milyonlarla illik geoloji proseslərə əsaslanır. Lakin bu cür ssenarilər iqlim dəyişikliklərinin və Yer qabığındakı hərəkətlərin uzunmüddətli təsirlərini anlamaq baxımından elmi baxımdan mühüm hesab olunur.