Qəzzalı gənc rəssam Zaanin dağıntı və itirilən arzuları rəsmlərində əks etdirir

Qəzzalı 18 yaşlı rəssam Mərah Xalid əz-Zaanin İsrailin Qəzzaya hücumlarının yaratdığı ağrını, dağıntını və itirilən arzuları rəsmləri ilə dünyaya çatdırır.

55

İsrailin Qəzzaya yönəlmiş hücumları gənclərin arzularını dağıtdığı bir vaxtda, Beyt Hanundan Qəzzanın Rimal məhəlləsinə köçməyə məcbur qalan 18 yaşlı rəssam Mərah Xalid əz-Zaanin yaşadığı ağrını və müharibənin izlərini rəsmləri ilə kətana köçürür.

İsrail hücumları səbəbindən evlərini tərk edən və ailəsi ilə birlikdə UNRWA-ya bağlı bir məktəbə sığınan gənc rəssam, məktəb binasının sığınacağa çevrilməsi ilə məhrəmliyin itirildiyi, səs-küylü və izdihamlı mühitdə rəsm çəkməyə çalışır. Hücumlar nəticəsində təhsil həyatı yarımçıq qalan Zaanin üçün rəsm həm özünü ifadə vasitəsi, həm də yaşamaq mübarizəsinin bir hissəsinə çevrilib.

Mərah Xalid əz-Zaanin rəsmlə marağının müharibədən əvvəl başladığını, lakin İsrailin Qəzzaya hücumları ilə çəkdiklərinin tamamilə başqa məna qazandığını deyib. O, ailəsi ilə birlikdə Beyt Hanundan əvvəl Deyr əl-Bəlaha, daha sonra isə Qəzza şəhərinə köç etdiklərini bildirib.

Məktəb illərində qatıldığı bir yarışmada istedadını kəşf etdiyini deyən Zaanin, birinci yerə layiq görüldükdən sonra özünü inkişaf etdirməyə başladığını söyləyib. Hücumların şiddətlənməsi ilə insanların ondan həlak olmuş yaxınlarının portretlərini çəkməsini istədiyini, bu istəkləri yerinə yetirdiyini də qeyd edib. Ən ağır dövrün Qəzzaya ikinci dəfə köç etdikləri zaman yaşandığını vurğulayan gənc rəssam, həmin mərhələni həyatının ən çətin dövrü kimi xarakterizə edib.

Mühasirə və hücumlar səbəbindən əsas sənət ləvazimatlarına belə çıxışının olmadığını deyən Zaanin, buna baxmayaraq rəsm çəkməkdən vaz keçmədiyini bildirib. İkinci dəfə Qəzzaya qayıtdıqları zaman boya və kömür tapılmadığını, yalnız mürəkkəbin olduğunu deyən gənc rəssam, məhz, bu materialla işləməyə başladığını və zamanla çəkdiklərinin artdığını vurğulayıb.

Açlıq və müharibə zamanı gördüyü səhnələrin rəsmlərinə birbaşa yansıdığını deyən Zaanin, qorxu və ağrısını rəsmlərə köçürməyin ona daxili rahatlıq verdiyini söyləyib. Bir ildən artıqdır məktəbdən uzaq qaldıqlarını xatırladan gənc rəssam, təhsildən məhrum edilsə də, bu müddətdə sənətini inkişaf etdirdiyini qeyd edib.

Çadırda yaşadığı məkanda çəkdiyi rəsmləri müxtəlif künclərə asaraq kiçik sərgi sahəsi yaratdığını bildirən Zaanin, hər küncü fərqli mövzuya həsr etdiyini deyib. Gələcək arzularının hücumlarla zərbə aldığını, lakin tamamilə məhv olmadığını vurğulayan gənc rəssam, ali təhsil almaq, sərgi açmaq və kitablar yazmaq istədiyini bildirib.

Zaanin qeyd edib ki, rəsmləri və yazıları Qəzzada yaşananlara şahidlik edir və istəyir ki, bu əsərlər dünyaya çatsın, gənclərin dağıdılan arzuları hamı tərəfindən görülsün. Onun sözlərinə görə, İsrailin Qəzzaya hücumları təkcə bu günü deyil, bir nəslin gələcəyini də hədəf alır və sənət bu dağıntıya qarşı əlində qalan yeganə ifadə vasitəsidir.