Qəzza və İordan çayının qərb sahili ilə bağlı sənədləşdirilmiş materialları bir platformada toplayan yeni arxiv saytı istifadəyə verilib.
MSNews.az xəbər verir ki, ArchiveGenocide.com layihəsi Qəzza və Qərb sahilində baş verən hadisələrə dair video, foto və digər sübut xarakterli materialların saxlanılması və əlçatan edilməsi məqsədi daşıyır. Saytın giriş səhifəsində arxivin zorakılıq, ölüm və ağır xəsarətləri əks etdirən qrafik materiallar ehtiva etdiyi, bu səbəbdən istifadəçilərə xəbərdarlıq edildiyi bildirilir.
Layihənin müəllifləri arxivi jurnalistlər, tədqiqatçılar və hüquqi hesabatlılıq üçün nəzərdə tutulmuş sənədləşdirmə bazası kimi təqdim edirlər. “About” bölməsində qeyd olunur ki, komanda Qəzza və Qərb sahilindən müharibə cinayətləri ilə bağlı görüntüləri arxivləşdirir və materialları Beynəlxalq Cinayət Məhkəməsinə, “Hind Rajab Foundation”-a və Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsindəki hüquqi komandasına təqdim etdiyini bildirir.
Saytda materiallara baxmaq üçün bütün arxivi yükləməyə ehtiyac yoxdur. Platformada videolar və fotolar üzrə axtarış, mənbə və kanal məlumatları, arxiv bölməsi, təsvir, orijinal mənbə linkləri və faylları ayrıca yükləmək imkanı təqdim olunur. Saytın əsas səhifəsində media növü, tarix aralığı və arxiv üzrə filtrləmə funksiyaları da yerləşdirilib.
Layihənin “mənbələr” bölməsində müxtəlif kanallar və kolleksiyalar göstərilib. Burada “Evidence Task” kanalından 29 724, “Israel Exposed” kolleksiyasından 10 775, “Children of Gaza” kanalından 7 692, “TikTok Genocide Website” bazasından isə 10 363 materialın daxil edildiyi qeyd olunur.
Arxivdə həmçinin jurnalistlər, “Telegram” kanalları, “X” hesabları, hüquq-müdafiə və sənədləşdirmə platformalarının siyahısı yerləşdirilib. Mənbələr bölməsində yüzlərlə profil və kanal göstərilir, bu da istifadəçilərə materialların ilkin qaynaqlarını izləməyə imkan verir.
Saytda geolokasiya və canlı xəritə funksiyaları da mövcuddur. “Live Map” bölməsində Liveuamap əsasında Qəzza və region üzrə hərbi əməliyyatlar, hava zərbələri, itkilər və digər hadisələrlə bağlı məlumatların real vaxt rejimində izlənə bildiyi qeyd olunur.
Layihə müəllifləri arxivin qorunması üçün istifadəçiləri materialların torrent vasitəsilə yayılmasına dəstək verməyə çağırırlar. “Download Archives” bölməsində canlı saytda göstərilən materiallardan ibarət 807 GB-lıq media arxivi və ümumilikdə təxminən 2,4 TB həcmində xam mənbə arxivlərinin torrent və güzgü nüsxələri ilə yayıldığı bildirilir.
Müəlliflər arxivi yeni materiallarla doldurmağa davam edəcəklərini bildirirlər. Layihə Qəzza ilə bağlı görüntülərin sosial şəbəkələrdən silinməsi və ya itməsi riskinə qarşı materialların saxlanılmasını əsas məqsədlərdən biri kimi göstərir.