UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və Niderlandın “Ayaks” klubu arasında gərgin və dramatik qarşılaşma baş tutdu. Turnir cədvəlində 21-ci yerdə olan və 7 xala malik təmsilçimiz autsayder mövqeyindəki xalsız “Ayaks”ı qəbul edirdi.
Ağdam klubu oyuna üstün başladı və artıq 10-cu dəqiqədə Kamillo Duran cərimə meydançasında ustalıqla vurduğu zərbə ilə qapıçı üzərindən topu tora göndərərək hesabı açdı – 1:0.
Rəqib fasiləyə qədər cavab verdi. 39-cu dəqiqədə Kasper Dolberq dəqiq və qüvvətli zərbə ilə hesabı bərabərləşdirdi – 1:1. İlk hissə məhz, bu nəticə ilə başa çatdı.
İkinci hissəyə “Qarabağ” sürətli başladı və 47-ci dəqiqədə Mateuş Silva gözəl tamamlamayla komandanı yenidən önə keçirdi – 2:1.
Lakin matçın sonluğu “Ayaks”ın üstünlüyü ilə davam etdi. 79-cu dəqiqədə Oskar Qlox küncdən gələn hücumu dəqiq zərbə ilə tamamlayaraq hesabı yenidən bərabərləşdirdi – 2:2.
Cəmi bir neçə dəqiqə sonra, 83-cü dəqiqədə Anton Qaaye Niderland klubunu irəli çıxardı – 2:3.
90-cı dəqiqədə isə Oskar Qloxun ikinci qolu matça nöqtəni qoydu və hesab arasındakı fərqi artırdı – 2:4.
Gərgin, tempolu və bol qollu qarşılaşma bu nəticə ilə yekunlaşdı.