Afrika Buynuzunda baş verən son proseslər yalnız regionu deyil, bütövlükdə Orta Şərq və Qırmızı dəniz hövzəsinin təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişmək potensialına malikdir.
Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Novruzəli Yusubzadə bildirib.

Ekspertin sözlərinə görə, İsrailin 26 dekabr tarixində Somalilandı müstəqil dövlət kimi tanıması bölgədə uzun illər mövcud olmuş qeyri-rəsmi status-kvonu faktiki olaraq dağıdıb:
“Somaliland 1991-ci ildən müstəqilliyini elan etsə də, bu günə qədər BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmamışdı. İsrailin bu addımı Afrika Buynuzunda geri dönüşü olmayan geosiyasi dəyişikliklərin başlanğıcıdır.”
“Buynuz İttifaqı” dağıldı, balans dəyişdi
Novruzəli Yusubzadə xatırladıb ki, regionda uzun müddət Efiopiya, Somali və Eritreyadan ibarət qeyri-rəsmi ‘Buynuz İttifaqı’ mövcud olub. Lakin bu balans artıq faktiki olaraq çökmüş vəziyyətdədir:
“Efiopiya ilə separatçı Tiqray qüvvələri arasında 2020–2022-ci illərdə baş verən müharibə regionu ciddi şəkildə zəiflətdi. BMT-nin 2021-ci il İnsan Haqları Hesabatında Somalinin Tiqraylara dəstək verdiyi iddia olunsa da, o dövrdəki Somali hökuməti bunu inkar etmişdi.”
Ekspertin sözlərinə görə, ötən il münaqişənin yenidən alovlanması və Efiopiyanın üstünlük qazanması yeni geosiyasi razılaşmaların yolunu açdı. Həmin razılaşmaya əsasən, Efiopiya Somalilandın müstəqilliyini tanımaq müqabilində Berbera limanına çıxış əldə etməli idi, lakin beynəlxalq təzyiqlər bu prosesi dondurdu.
“Efiopiyanın bu qədər açıq mövqe tutmasının əsas səbəblərindən biri də 2022-ci ildə Somalidə iqtidar dəyişikliyi və bununla da ‘Buynuz İttifaqı’nın faktiki süqutu oldu.”
Berbera limanı – geosiyasi düyün nöqtəsi
QAFSAM eksperti vurğulayıb ki, həm Somali, həm də Somaliland üçün əsas strateji üstünlük Qırmızı dənizə çıxışı olan Berbera limanıdır:
“Berbera bu gün təkcə iqtisadi deyil, həm də hərbi-logistik baxımdan kritik əhəmiyyət daşıyır. İsrail bu limanın təhlükəsizliyini təmin etmək məqsədilə Somalilanda ‘Iron Beam’ (Dəmir Şüa) lazer hava hücumundan müdafiə sistemini yerləşdirib.”
Yusubzadə qeyd edib ki, İsraildən əvvəl də limanın iqtisadi fəaliyyətinə BƏƏ-yə məxsus “DP World” şirkəti nəzarət edib. Hazırda isə Somalilandda Türkiyə, Misir və Efiopiyanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyənin uzun müddət Somali ilə Somaliland arasında vasitəçilik cəhdləri də bu kontekstdə qiymətləndirilməlidir.
İsrail–BƏƏ–Türkiyə rəqabəti yeni mərhələdə
Ekspert hesab edir ki, İsrailin bu addımı İsrail–BƏƏ ittifaqı ilə Türkiyə arasında Afrika Buynuzunda rəqabəti açıq eskalasiya mərhələsinə çıxarır:
“İsrail üçün Somaliland təkcə Afrika Buynuzu deyil, həm də Yəmən və Qırmızı dəniz xəttində Husilərə qarşı strateji platformadır.”
Novruzəli Yusubzadə diqqətə çatdırıb ki, ötən həftə BƏƏ-nin dəstəklədiyi Yəməndəki Cənub Keçid Şurasının (CKŞ) Ədən körfəzi istiqamətində hücuma keçməsi və Səudiyyə Ərəbistanının geri çəkilməsi təsadüfi deyil:
“Adətən Yəməndə iki əsas gücdən danışılır – hökumət və husilər. Halbuki, CKŞ üçüncü və olduqca təsirli aktordur. BƏƏ bu addımı təkbaşına ata bilməzdi. Görünən odur ki, İsrail hədəfini məhz Qırmızı dəniz xətti üzrə müəyyənləşdirib.”
Ekspertin fikrincə, bu proseslərin davamı olaraq Yəməndə yenidən genişmiqyaslı vətəndaş müharibəsi riski artmaqdadır.