Novruzəli Yusubzadə: “Münaqişə artıq mövcudluq savaşına çevrilib, ABŞ regionda getdikcə daha çətin vəziyyətə düşür”
QAFSAM eksperti Novruzəli Yusubzadə ABŞ-İsrail tandeminin İrana qarşı əməliyyatlarını teopolitik və geopolitik aspektdən təhlil edib. MSNews.az üçün təqdim edilən analizdə ekspert münaqişənin qısa müddətdə bitməyəcəyini və regionun təhlükəsizlik arxitekturasının ciddi şəkildə sarsıldığını vurğulayır.
Teopolitik mesaj və əməliyyatın adı
Ekspertin fikrincə, əməliyyatın “Kükrəyən Aslan” adlandırılması təsadüfi deyil. Bu ad Tövratın Amos 3:8 ayəsinə birbaşa istinad kimi qiymətləndirilir – “Aslan kükrədi, kim qorxmaz? Xudavənd Rəbb danışdı, kim peyğəmbərlik etməz?” ”.
Eyni zamanda, yəhudilərdə Elul və Tişri ayları da yenə aslan bürcündədir. Bu da yenə onlara görə ayətlə üst-üstə düşüb.
Yusubzadə bildirir ki, bu seçim İsrail cəmiyyətinə həm dini, həm də psixoloji mesaj xarakteri daşıyır və əməliyyatın uğuruna inamı gücləndirməyə hesablanıb.
Digər diqqətçəkən məqam isə hücumun Ramazan ayında baş verməsidir. Ekspertə görə, ABŞ-nin bu dövrdə İrana zərbə endirməyəcəyi gözləntiləri vardı və bu amil sürpriz effekti yaradıb.
İsrailin hesabları və gözləntilər
Yusubzadə qeyd edir ki, İsrail əməliyyatı tərəflərin masada anlaşmaya yaxın olduğu vaxtda başlatmaqla diplomatik prosesi dayandırmağa nail oldu. İlk günlərdə İranın Ali dini rəhbərinə qarşı sui-qəsd iddiası əməliyyatın uğurlu getdiyi görüntüsünü formalaşdırdı. Yeri gəlmişkən, Pezeşkiana da sui-qəsd edildi, lakin uğursuz olduqdan sonra inkar edildi. Mümkün ehtimaldır ki, Pezeşkianın qorunmasına digər türk dövlətləri ciddi dəstək göstərib.
Ekspertə görə, İsrail İranda daxili etiraz dalğasının başlayacağını və hakimiyyətin tezliklə zəifləyəcəyini gözləyirdi. Lakin bu plan reallaşmadı. O, bunu İran cəmiyyətinin və dövlətçilik ənənəsinin yanlış qiymətləndirilməsi ilə izah edir. Həmçinin ekspert İsrailin əməliyyatdan bir neçə gün öncə ortaya atdığı “Heksaqon İttifaq” fikri zərər görmüş olduğunu qeyd edir.
İranın strategiyası və yeni mərhələ
Novruzəli Yusubzadənin fikrincə, İran faktiki olaraq dini rejimdən hərbi xunta modelinə keçid mərhələsindədir və münaqişəni mövcudluq savaşı kimi qəbul edir.
Ekspert bildirir ki, İranın Körfəz ölkələrindəki ABŞ hərbi obyektlərini və radar sistemlərini hədəfə alması birbaşa İsrailə zərbəni asanlaşdırmaq məqsədi daşıyırdı. Onun sözlərinə görə, mərhələli şəkildə müdafiə xətlərinin zəiflədilməsi İranın strateji planının tərkib hissəsidir.
N.Yusubzadənin fikrincə, İranın BƏƏ, Bəhreyn və Kiprə hücumları digərlərindən önəmlidir. Misal üçün İraqda Ərbilə hücumu sadəcə ABŞ bazasına görə yox, eyni zamanda Peşmərgənin də gözünün odunu almaq üçündür. BƏƏ və Kiprə hücumun əsas səbəbi yuxarıda bəhs edilən İsrailin yeni “Heksaqon İttifaqının” yaranmadan çöküşüdür. İran həm bugün həm də sabahı düşünərək düşmənlərinə sağalmaz yara vurmağa çalışır. Bəhreyn məsələsi isə ayrı bir mövzudur. Bəhreyndə şiə əhali və sünni rəhbər (siyasi-hərbi elita) mövcuddur. “Ərəb Baharı” zamanı iqtidar keçidini Səudiyyə Ərəbistanı və ABŞ-nin 5-ci donanması əngəlləmişdi. İran səbəbindən ABŞ bölgədən çəkilməyə başlayıb. Səudiyyə isə dişsiz rəqibdir. İran müharibədə məğlub tərəf olmazsa, Bəhreyndə Suriya ssenarisi təkrarlanacaq. Bu özü Körfəzin strukturunu tam dəyişə bilər.
Yusubzadə hesab edir ki, İranın enerji infrastrukturlarına zərbələr endirməsi və Hörmüz boğazını tam bağlamaması da balanslı strategiyadır: məqsəd qlobal enerji bazarına təsir göstərmək, lakin Çin kimi tərəfdaşların maraqlarını zədələməməkdir.
ABŞ üçün risklər və daxili təzyiq
Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Tramp ilkin mərhələdə əməliyyatın qısa müddətdə bitəcəyinə ümid edirdi. Lakin müharibənin uzanması Vaşinqton üçün həm hüquqi, həm də siyasi risklər yaradır.
Yusubzadə xatırladır ki, 1973-cü il “Müharibə Səlahiyyətləri Haqqında” qanuna əsasən, prezidentin xarici hərbi müdaxilə ilə bağlı səlahiyyətləri zaman baxımından məhduddur. Müharibənin uzadılması impiçment riskini artırır və daxili siyasi təzyiqləri gücləndirir.
Onun qənaətinə görə, ABŞ-nin Orta Şərqdə qurduğu təhlükəsizlik arxitekturası ciddi zərbə alıb və Körfəz dövlətləri alternativ tərəfdaşlar axtarmağa başlaya bilər. NATO daxilində də fikir ayrılıqları dərinləşir. İspaniya və Türkiyənin öz ərazilərindən ABŞ-nin istifadə etməsinə icazə verməməsi buna əyani sübutdur. Faktiki olaraq ABŞ izolyasiya olunur.
Ekspertə görə, İran məsələsinin uzadılması ABŞ qarşısında 2 seçim qoyur: 1) hərbi istehsalı artırmaq (bunu edə bilmirlər, Rusiya kimi müharibə iqtisadiyyatına keçid etmələri özü məğlubiyyət demək olar.); 2) CENTCOM xaricindəki batareyaları, silah tədaürükünü buraya gətirmək, bunu da Avropadan onsuz da ediblər, qalır INDOPACOM (Hind-Pasifik Komandanlığı). O da Çinin əl qolunu açar deyə risklidir, hətta cəhd edilsə inanıram ki, Çin 2 təyyarə daşıyan gəmisini bölgəyə göndərib faktiki olaraq bunu kilidləyə bilər.
Müharibənin perspektivi
QAFSAM eksperti hesab edir ki, həm İran, həm də İsrail üçün bu münaqişə mövcudluq xarakteri daşıyır və bu səbəbdən savaşın uzanması ehtimalı yüksəkdir. ABŞ isə getdikcə daha mürəkkəb və uzunmüddətli qarşıdurmaya cəlb oluna bilər.
Yusubzadə qeyd edir ki, mövcud şərtlərdə İrana qarşı genişmiqyaslı beynəlxalq koalisiyanın formalaşması ehtimalı aşağıdır. Münaqişənin taleyi isə İranın hərbi ehtiyatları və regional balansın necə dəyişəcəyindən asılı olacaq.
Analitik təhlil | Novruzəli YUSUBZADƏ