Moskva üzərində PUA təhlükəsi səbəbindən hava məkanına ciddi məhdudiyyətlər tətbiq olunub və Rusiya rəhbərliyini daşıyan “Rossiya” xüsusi uçuş dəstəsinə məxsus bir neçə təyyarə paytaxt yaxınlığında gözləmə rejimində dövrə vurub.
MSNews.az xəbər verir ki, Rosaviasiya Moskvanın dörd əsas hava limanında — Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovskidə uçuşların qəbul və göndərişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Qurum tədbirlərin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə görüldüyünü bildirib.
“The Moscow Times” yazır ki, məhdudiyyətlər Moskva istiqamətində PUA hücumu fonunda tətbiq olunub. Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan 15 PUA-nın məhv edildiyini bildirib.
Eyni vaxtda uçuş izləmə məlumatlarına əsaslanan Rusiya mənbələri “Rossiya” xüsusi uçuş dəstəsinə məxsus dörd təyyarənin Moskva ətrafında dövrə vurduğunu yazıb. Onlardan üçünün Türkmənbaşıdan gəldiyi bildirilir. Vladimir Putin həmin gün Türkmənistanda keçirilən MDB sammitində iştirak etmişdi.
Bəzi mənbələr təyyarələrdən ikisinin Sankt-Peterburqa istiqamətləndirildiyini iddia edir. Ukrayna mediası da təyyarələrdən birinin Sankt-Peterburqa endiyini yazıb. Lakin Kremlin təhlükəsizlik protokollarına görə Prezidentin konkret hansı təyyarədə olduğu və marşrutu açıq şəkildə açıqlanmır.
Rusiya Müdafiə Nazirliyi isə oktyabrın 8-dən 9-na keçən gecə ölkə ərazisi üzərində 505 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb. Nazirliyin məlumatına görə, onların bir hissəsi Moskva regionu üzərində də zərərsizləşdirilib. Bu rəqəm Rusiya tərəfinin açıqlamasıdır və müstəqil şəkildə tam təsdiqlənməyib.
Axşam saatlarında vəziyyət tədricən normallaşıb. Rosaviasiya əvvəlcə Şeremetyevoda məhdudiyyətləri aradan qaldırıb, daha sonra Vnukovo, Domodedovo və Jukovski hava limanları da adi rejimə qayıdıb.